Tanınmış Azərbaycan yazıçısı Xalidə Hasilovanın hekayələri Özbəkistanda nəşr edilib

Tokio, 9 iyun , /AJMEDIA/

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Xalidə Hasilovanın hekayələri özbək dilinə tərcümə edilərək Daşkənddəki “Renessans press” nəşriyyatında çap edilib.
AJMEDIA xəbər verir ki, Xalidə Hasilovanın “Siren dastasi” adlanan hekayələr toplusunu özbək dilinə tərcüməçi Şokir Dolimov uyğunlaşdırıb.
Kitabın “Ön söz” müəllifi Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur.
“Ədəbiyyatımızın, nəsrimizin əbədiyaşar Xalidə xanımı” başlıqlı “Ön söz”də Azərbaycan oxucularının əsərlərini sevə-sevə oxuduqları yazıçılardan biri, XX əsr Azərbaycan nəsrinin və publisistikasının tanınmış nümayəndəsi kimi Xalidə Hasilovanın yaradıcılığı haqqında məlumat verilir.
Qeyd olunur ki, ədəbiyyata xidmət müəllifin kimliyi ilə deyil, ədəbi əsərlərinin uğuru ilə qiymətləndirilir. Xalidə Hasilova ədəbiyyata uşaq yazıçısı kimi gəlsə də, sonralar həm uşaqlar, həm də böyüklər üçün yazdığı maraqlı nəsr əsərləri ilə geniş oxucu kütləsinin qəlbini fəth edib. Çoxsaylı kitablar, dram əsərləri nəşr olunmuş yazıçının hekayələri ilk dəfə olaraq qardaş Özbəkistanda özbək dilinə tərcümə edilərək işıq üzü görür.
“Siren dastasi” kitabında yazıçı Xalidə Hasilovanın “Həyatın kəsişməsi”, “İradə”, “Uzaq keçmişdə”, “Meşə qızı”, “Xatirə”, “Gecə söhbəti”, “Yağış dayandı”, “Çoxdan gözlənilən məktublar” və başqa əsərləri yer alıb.
Nəşrin Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Daşkənddə təqdimatının keçirilməsi və Özbəkistan kitabxanalarına hədiyyə edilməsi planlaşdırılır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts