Sahibə Qafarova: Azərbaycan COP29 çərçivəsində iqlim danışıqlarında irəliləyiş əldə etmək üçün əlverişli mövqedə yerləşir

Tokio, 24 mart , /AJMEDIA/

Bu il fevralın 20-24-də Bakıda Asiya Parlament Assambleyasının (APA) “Asiyada Dayanıqlı İnkişaf naminə regional əməkdaşlığın təşviqi” mövzusuna həsr olunmuş 14-cü plenar iclası keçirilib. Bu plenar iclasda Azərbaycan rəsmi olaraq 2024-2025-ci illər üçün təşkilatın sədri seçilib. Bu, həm APA, həm də Azərbaycan üçün yeni səhifə açacaq.

AJMEDIA xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova APA-nın koordinasiya iclasında çıxışında deyib.

Parlamentlərarası İttifaq çərçivəsində Azərbaycanın sədrliyi ilə APA-nın ilk koordinasiya iclasının keçirildiyini vurğulayan Sahibə Qafarova, bugünkü görüşün parlament diplomatiyasının möhkəmlənməsi və inkişafı məqsədinə xidmət edəcəyinə əmin olduğunu söyləyib.

Milli Məclisin sədri bildirib ki, ötən ilin sonunda beynəlxalq ictimaiyyət COP29-a ev sahibliyi etmək üçün yekdilliklə Azərbaycanı seçdi. Ölkəmiz dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biridir və Şimalla Cənub arasında körpülərin yaradılmasında mühüm rol oynayır. Azərbaycan COP29 çərçivəsində iqlim danışıqlarında nəzərəçarpacaq irəliləyiş əldə etmək və hərtərəfli danışıqlara kömək etmək üçün əlverişli mövqedə yerləşir.

O deyib ki, müasir şəraitdə parlament diplomatiyası ölkələr arasında etimadı gücləndirə, beynəlxalq və regional problemlərin həllinə müsbət təsir göstərə bilər. Parlamentlər böhranların, münaqişələrin həlli prosesində iştirak edə, parlament diplomatiyası isə klassik hökumət diplomatiyasını uğurla tamamlaya və ona əvəzsiz töhfə verə bilər.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, bu kontekstdə APA-nın rolu xüsusi vurğulanmalıdır: “Bu, Asiyada və dünyada əməkdaşlığın, sülhün və sabitliyin möhkəmlənməsinə nail olmaq üçün cari məsələlərin və çağırışların həlli üçün ümumi səyləri birləşdirən parlament diplomatiyasının mühüm platformasıdır. Biz bu platformanın səmərəliliyini artırmaq üçün bütün tədbirləri görməliyik”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts