Sabah 25 mindən çox abituriyent I və IV ixtisas qrupları üzrə qəbul imtahanı verəcək

Tokio, 20 iyul , /AJMEDIA/

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 21-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı (II cəhd) keçirəcək.
DİM-dən AJMEDIA-ya bildirilib ki, Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunan imtahan saat 10:00 da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
İştirakçılar iyulun 14-dən etibarən DİM-in saytında imtahana buraxılış vərəqəsini çap edə bilirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumat qeyd olunub. Kütləviliyin qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
– İmtahana buraxılış vərəqəsi;
– Şəxsiyyəti təsdiq edən sənədin əsli.
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 110 imtahan binası, 1921 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 110 ümumi imtahan rəhbəri, 310 imtahan rəhbəri, 2392 nəzarətçi–müəllim, 269 buraxılış rejimi əməkdaşı, 110 bina nümayəndəsi cəlb edilib.
Sabah I ixtisas qrupu üzrə 21 min 277, IV ixtisas qrupu üzrə isə 4 min 62 nəfər olmaqla, ümumilikdə 25 min 339 abituriyentin imtahan verməsi nəzərdə tutulur. İmtahanda 23 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts