Qarın yağması kənd təsərrüfatı üçün çox əhəmiyyətlidir – mütəxəssis açıqlaması

Tokio, 25 yanvar , /AJMEDIA/

Son illər havaların quraq keçməsi kənd təsərrüfatı məhsulları istehsalına mənfi təsir göstərir. Bu hal ekoloji tarazlığın pozulması ilə bağlıdır və qlobal problemdir. Həddindən artıq yüksək temperatur bitkilərin inkişafına mane olur. Dəyişən iqlim kənd təsərrüfatı məhsulları istehsalına xeyli təsir göstərir və gələcəkdə ərzaq təhlükəsizliyinə problem yarada bilər. Belə bir vaxtda respublika ərazisində, o cümlədən Şəki rayonunda qarın yağması payızlıq taxıl əkinləri üçün olduqca əhəmiyyətlidir.

Bu sözləri Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin (BMFM) Şəki Rayon Mərkəzinin rəisi Tələt Mehdiyev deyib.

Mərkəzin rəisi bildirib ki, son iki ildə qışın mülayim keçməsi, yağıntıların az olması səbəbindən Şəkidə taxıl istehsalında məhsuldarlıq xeyli aşağı düşüb. Bu isə taxıl əkən iri fermerləri, torpaq mülkiyyətçilərini çox narahat edir. Elə bir vəziyyət yaranmışdı ki, artıq bir çox istehsalçılarda səpini həyata keçirmək imkanı qalmamışdı. Buna baxmayaraq, rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin və BMFM-in Şəki Rayon Mərkəzinin fermerlərlə mütəmadi görüşləri, qlobal iqlim dəyişkənliyi şəraitində taxılçılığa yeni yanaşma metodları mövzusunda aparılan söhbətlər, görüşlər öz nəticəsini verib. Rayonda builki mövsüm üçün 61 min hektar sahədə şum çıxarılıb və 59 min hektar sahədə payızlıq dənlilərin səpini həyata keçirilib. Lakin, səpindən son günlərə qədər davam edən quraqlıq səbəbindən taxılın inkişafı xeyli ləngiyib. Bu gün bitkilərin quraqlıqdan əziyyət çəkdiyi bir dövrdə kifayət qədər qarın yağması torpaqda rütubət ehtiyatını xeyli artırıb.

Tələt Mehdiyev deyib: “Qar bitkiləri, xüsusilə taxıl, tərəvəz-bostan bitkilərini yorğan kimi örtməklə onları soyuqdan, şaxtadan qoruyur. Eyni zamanda, qarla örtülmüş taxıl sahələrinə gübrə vermək imkanı yaranır. Çünki quraqlıqda gübrə torpağa yaxşı hopmur. Lakin qar yağıb torpaqda nəmlik yaratdıqda həmin gübrələr torpağın kompleksinə qarışır və bitki üçün mənimsənilə bilən hala düşür. Ən başlıcası isə, qarın yağması siçanabənzər gəmiricilərin əhəmiyyətli dərəcədə məhv olmasına, əgər yüksək şaxtalar (mənfi 5-7 dərəcə) bir neçə gün davam edərsə, kütləvi məhv olmasına şərait yaradır. Bu isə siçanabənzər gəmiricilərlə mübarizə aparan fermerlərin işini xeyli yüngülləşdirir”.

Onun sözlərinə görə, qar torpaqda optimal nəmlik yaratdığından bitkilərin yaz kollanması və intensiv inkişafı üçün də münbit şərait formalaşır. Torpaq kifayət qədər nəmliklə təmin olunsa, bu, əkinlərdə bitkilərin normal inkişaf etməsi üçün əlverişli şəraitin yaranmasına gətirib çıxarır. Həmçinin qar heriyə saxlanılmış şumlarda xeyli rütubətin yaranmasına səbəb olur. Əkin və bağ sahələrində zərərvericilərin, xüsusilə də siçanabənzər gəmiricilərin populyasiyasının artmasının qarşısını alır.

“Qar örtüyü payızlıq taxıl əkinlərində bitkiləri donvurmadan qoruyur. Heyvandarlıqda yem ehtiyatının artmasına kömək edir. Məhz ona görə də, el arasında qar ruzi-bərəkət rəmzi sayılır”,- deyə Tələt Mehdiyev vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts