Polis Akademiyasında hüquqşünaslıq ixtisası üzrə əyani təhsilə kursantların sənədlərinin qəbulu davam edir

Tokio, 1 fevral , /AJMEDIA/

Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasında hüquqşünaslıq ixtisası üzrə əyani təhsilə sənəd qəbulu davam edir.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, sözügedən ixtisasa 500 kursantın qəbulu nəzərdə tutulur.

Müsabiqədə Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda və həqiqi hərbi xidmətə yararlı olan, buraxılış sinfində (11-ci sinifdə) oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək (2024-cü ilin avqust ayının 1-dək 16 yaşı tamam olacaq) Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, 2024-cü ilin yanvar, aprel və iyul tarixli çağırışlarında həqiqi hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum edilmiş (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), eləcə də “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə ilə müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən vətəndaşlar müsabiqəyə buraxılmırlar.

Sənədlərin qəbulu 2024-cü il martın 3-dək bazar günləri istisna olmaqla hər gün saat 10:00-dan 17:00-dək namizədin təhsil aldığı təhsil müəssisəsinin yerləşdiyi inzibati ərazi üzrə polis idarə və ya şöbələrində həyata keçirilir. Namizədlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

– şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və surəti);

– təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında DİN-ə təqdim olunması üçün arayış və ya tam orta təhsil haqqında sənəd;

– yaşayış yeri üzrə tibb müəssisəsindən DİN-ə təqdim olunması üçün sağlamlıq haqqında arayış;

– ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və surəti);

– oxuduğu təhsil müəssisəsi tərəfindən DİN-ə təqdim olunması üçün verilmiş xasiyyətnamə;

– 9×12 sm ölçüdə 2 ədəd, 4×6 sm ölçüdə 4 ədəd fotoşəkil (papaqsız, rəngli, donuq kağızda).

Sənəd qəbulu ilə bağlı əlavə məlumat almaq üçün 8880 qaynar xətti, (012) 454-12-78, (012) 590-97-76, (012) 590-99-47 telefonları ilə əlaqə saxlaya bilərlər.

Polis Akademiyasında təhsilə, eyni zamanda, daxili işlər orqanlarında xidmətə qəbulun ilkin şərtlərinə uyğun gələn namizədlərə müvafiq forma üzrə ərizə-öhdəlik yazmaq təklif olunur və onlar abituriyent hesab olunur.

Abituriyentlər fiziki hazırlıq imtahanı (fiziki hazırlıq üzrə minimal normativlər: turnikdə dartınma – çəkisi 80 kiloqramadək olanlar üçün – 10 dəfə, 80 kiloqramdan yuxarı olanlar üçün – 8 dəfə; qaçış 100 metr məsafəyə – 15 saniyə və 1000 metr məsafəyə – 4 dəqiqə; qollar üzərində bədənin döşəmədən qaldırılması – 20 dəfə; arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması – 20 dəfə) verməli, nazirliyin seçmə komissiyasından uğurla keçdikdən sonra Tibb İdarəsinin Xüsusi həkim komissiyasında müayinə olunub “Polis Akademiyasında təhsilə yararlı” olması barədə rəyi dərhal sənədləri toplanan polis orqanına təqdim etməlidirlər. Komissiyaların işi ilə bağlı şikayətlərə nəticələr elan olunduğu anda abituriyentin komissiya sədrinə müraciəti olduqda baxılır.

Fiziki hazırlıq normativlərindən birini ödəyə bilməyən, nazirliyin seçmə və ya həkim komissiyalarından keçə bilməyən və ya həkim komissiyasına göndəriş aldığı gündən 15 gün ərzində müvafiq rəyi təqdim etməyən abituriyentlər müsabiqədən kənarlaşdırılır.

Müsabiqəyə buraxılan abituriyentlərin siyahısı III ixtisas qrupu fənləri üzrə qəbul imtahanlarına buraxılmaları üçün Dövlət İmtahan Mərkəzinə göndərilir. İmtahanlar Azərbaycan və rus dillərində keçirilir.

Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşdirmə, imtahanların vaxtı, yeri və digər şərtlər Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilir və abituriyentlər bu məqsədlə Mərkəzin internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər.

DİN-in Polis Akademiyasına qəbul olunmuş kursantlar 14 avqust – 14 sentyabr 2024-cü il tarixlərində Akademiyada ilkin hazırlıq kursuna cəlb edilir. Dərslər sentyabrın 15-də başlamaqla tədris Azərbaycan dilində aparılır, təhsil müddəti 4 ildir.

Təhsil müddətində kursantlar dövlət hesabına yataqxana, xüsusi geyim forması, təqaüd və yeməklə təmin olunur, Akademiyanın ərazisində yerləşən yataqxanada yaşayırlar.

Seçmə komissiyasının vaxtı barədə və Polis Akademiyası haqqında ətraflı məlumat Akademiyanın www.pa.edu.az internet saytında yerləşdirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts