Özbəkistanda Şuşa haqqında kitabın təqdimatı olub

Tokio, 26 yanvar , /AJMEDIA/

Özbəkistan Respublikasının Gənclər İşləri Agentliyində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi “Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına” layihəsi çərçivəsində çap olunmuş eyniadlı kitabın təqdimatı keçirilib.
Dünya Gənc Türk Yazarlar Birliyindən AJMEDIA-ya bildirilib ki, tədbirdə Özbəkistanın gənc oxucuları, media nümayəndələri, tələbələr iştirak ediblər.
Tədbirdə Özbəkistan Respublikasının Gənclər İşləri Agentliyinin direktor müavini Dilnoza Kattaxanova ölkələrimiz arasında bütün sahələrdə yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin olduğunu vurğulayıb. Bu tədbirin də qardaş xalqlar arasındakı ədəbi-mədəni əlaqələr baxımından yüksək əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.
Daha sonra tədbirin moderatoru Agentlik direktorunun Dil məsələləri üzrə müşaviri Mehrinaz Abbasova Dünya Gənc Türk Yazarlar Birliyi ilə Özbəkistan gənclərinin geniş yaradıcı əlaqələrindən, əməkdaşlığından danışıb. Şuşa şəhərinə həsr olunmuş kitabın Özbəkistanda təqdimatını əlamətdar hadisə kimi dəyərləndirib.
Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, layihə rəhbəri İntiqam Yaşar çıxışında Özbəkistan Respublikası Gənclər İşləri Agentliyinə ev sahibliyi üçün təşəkkür edib. O, Şuşa ilə bağlı həyata keçirilən layihə çərçivəsində çap olunmuş kitabda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası yazarlarının Şuşa ünvanlı, bir-birindən gözəl yazılarının yer aldığını söyləyib.
Tədbirdə iştirak edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşı Kərim Məmmədzadə bu kimi tədbirlərin qardaş ölkələr arasında ədəbi-mədəni əlaqələrin inkişaf etməsi baxımından əhəmiyyətini vurğulayıb.
Daha sonra tədbirdə iştirak edən Özbəkistanın gənc yazarlarından Şəhriyar Şövkət, Məhəmməd Siddiq, Zöhrab Ziya, Əlişir Səbri, Mansur Cumayev və başqaları çıxış edib, şeirlər səsləndiriblər.
Tədbirin yekununda layihə rəhbəri, şair-publisist İntiqam Yaşar oxuculara kitab imzalayıb, Özbəkistan kütləvi informasiya vasitələrinin suallarını cavablandırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts