Özbəkistanda azərbaycanlı uşaqlar üçün bayram şənliyi təşkil olunub

Tokio, 29 dekabr , /AJMEDIA/

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin Qadınlar Şurası ilə birgə Daşkənddə yaşayan azərbaycanlı uşaqlar üçün Yeni il şənliyi keçirib.
AJMEDIA xəbər verir ki, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində reallaşan şənlikdə təxminən 200-dək azərbaycanlı və özbək uşaq iştirak edib.
Əvvəlcə uşaqlar Mədəniyyət Mərkəzinin Azərbaycan Dövlətçilik Tarixi Muzeyi ilə tanış olub, onlara Azərbaycan tarixi, mədəniyyətinə dair geniş məlumat verilib.
Tədbir çərçivəsində uşaq və yeniyetmələrə Mədəniyyət Mərkəzinin foyesində 2022-ci ildə Azərbaycanın qazandığı uğurlara həsr olunmuş sərgi təqdim olunub.
Bundan başqa, Mərkəzin foyesində balaca fidanları burada bəzədilmiş küknar ağacı, qışın gəlişini bildirən Şaxta baba qarşılayıb.
Tədbiri giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi direktorunun müavini Nadir Əlimirzəyev uşaqları Yeni il bayramı münasibətilə təbrik edib, onlara sağlıq, dərslərində əlaçı olmaq, valideynlərinə sevinc bəxş etmələrini arzulayıb. O, Yeni ilin tarixi haqqında da uşaqlara məlumat verib.
Orta məktəb şagirdi Əli Abbaslı böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovun əsərlərindən parçalar, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Əməkdar artist Kaykep Aliyeva adına Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.
Sonra səhnələşdirilmiş bayram tamaşası göstərilib, Şaxta baba, Qar qız, cizgi filmlərinin qəhrəmanları uşaqlara xoş anlar yaşadıblar. Şənlikdə uşaqlar Yeni illə bağlı şeirlər söyləyib, mahnı oxuyub, rəqs ediblər.
Bayram tədbirində müxtəlif viktorinalar keçirilib, qaliblərə hədiyyələr verilib.
Sonda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi tərəfindən uşaqlara Yeni il hədiyyələri təqdim olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts