Orxan Fikrətoğlu: ARKA türk dövlətləri ilə birgə layihələr həyata keçirir

Tokio, 6 aprel , /AJMEDIA/

Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) qardaş Türkiyə, Özbəkistan kimi türk dövlətləri, eyni zamanda, digər ölkələrlə birgə layihələrin həyata keçirilməsinə başlayıb. Konkret olaraq Özbəkistan Respublikası ilə Maqsud Şeyxzadənin həyatından bəhs edən bədii filmin çəkilməsi üçün Bakıda memorandum imzalanıb. Bununla da Azərbaycan kino cameəsi ilk dəfə özbək kino bazarına daxil olub. Bu isə Azərbaycan kinosu üçün bu günə qədər olmayan real maddi gəlir və təbliğat deməkdir. Ümumiyyətlə, bizim hədəfimiz iqtisadi səmərə baxımından daha çox xarici, xüsusilə də TÜRKSOY-a daxil olan ölkələrin bazarına daxil olmaqdır.

Bu fikirləri müsahibəsində Əməkdar incəsənət xadimi, ARKA-nın baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu deyib.

Onun sözlərinə görə, bu günlərdə Türkiyənin tanınmış “Skala Film Prodüksiyon” və “Tulpar Film” şirkətləri ilə də anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən, yaxın vaxtlarda Azərbaycan və Türkiyə bazarlarına çıxacaq “Qızıl qatar” (“Altın tren”) adlı birgə filmin istehsalı nəzərdə tutulur. Film XX əsrin əvvəllərində Türkiyə və Azərbaycanın əlaqələrindən bəhs edir. 1918-ci ildə Nuru paşanın komandanlığı ilə Osmanlı ordusunun Azərbaycan Xalq Cümhuriyyətinə köməyə gəlməsi, həmçinin Azərbaycandan qardaş Türkiyəyə qızıl yüklü qatarın göndərilməsi filmdə öz əksini tapacaq.

“Türkiyə ilə birgə istehsal olunacaq daha bir film Nargin adasında saxlanılan türk əsirlərinin həyatından bəhs edən “Narginli Sona” filmidir. Rejissor Elməddin Alıyevin ekranlaşdıracağı bu filmin ssenari müəllifi Xəyam Abdullazadə, prodüseri Narin Nur Akdidir. Film Türkiyənin “Yerli Düşünce Basın Yayın Medya” şirkəti tərəfindən ARKA ilə birgə maliyyələşdirilir”, – deyə Orxan Fikrətoğlu bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts