Öd daşı xəstəliklərindən əziyyət çəkənlərin əksəriyyəti qadınlardır

Tokio, 6 yanvar , /AJMEDIA/

Öd daşı xəstəliyi son dövrlər geniş yayılan xəstəliklərdən biridir. Bu problemin yarada biləcəyi fəsadları mədə-bağırsaq xorası, ürək-damar xəstəlikləri ilə bir sıraya qoymaq olar. Herontoloji pasiyentlərin 70 faizi öd kisəsi sancılarından əziyyət çəkir və həmin xəstələrin əksəriyyəti qadınlardır. Pasiyentlər çox vaxt öd daşı problemi ilə rastlaşdıqda həkimə müraciət etmirlər, lakin bu xəstəliyin fəsadları ağır ola bilər.
AJMEDIA Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, bunu xəstəxananın həkimi, ümumi cərrah Qnyaz Yusifli deyib.
Həkimin sözlərinə görə, hərəkətsiz həyat tərzi, yağlı qidalar öd durğunluğuna səbəb olur və bu da xəstəliyi tədricən inkişaf etdirir. Öd daşı xəstəliyinin simptomlarından danışan Q.Yusifli qeyd edib ki, xəstəlik ağızda uzunmüddətli acılıq, yeməkdən sonra sağ qabırğaaltı nahiyədə ağrı və digər əlamətlərlə özünü büruzə verir. Bu kiçik narahatlıqlara əhəmiyyət vermədən yağlı, acılı, qızardılmış yeməklərdən yeyən xəstələr sonrakı dövrlərdə problemin daha ağır mərhələyə keçməsi ilə üzləşirlər. Bəzən ağrının kürək nahiyəsinə irradiyasiya etməsi müşahidə olunur. Bu kimi xəstəliklərdə irsi faktor da müəyyən rol oynayır.
Xəstələrin öd daşı probleminin simptomlarını ürək-damar xəstəliyi ağrıları ilə səhv saldığını deyən həkim, bildirib ki, xəstəlik nəticəsində yaranan ağrıların adətən, kürək nahiyəsinin sol tərəfində olur: “İltihabi proses aktivləşdikcə pasiyentdə temperaturun artması, qusma, köp, titrəmə əlamətləri müşahidə edilir. Xəstələrin qarın nahiyəsinin ilk müayinəsi zamanı qaraciyər və diafraqma hissədə güclü ağrının olması təyin edilir. Öd sancılarının uzunmüddətli olması kəskin xolesistit əlamətlərinə gətirib çıxara bilər və belə halda xəstələr əməliyyat edilməlidirlər”.
Q.Yusifli qeyd edib ki, xəstələrin ağırlaşması halında ilkin yardım olaraq sağ qabırğaaltı nahiyəyə buz qoymaq lazımdır. “Buz ağrını azaldır və xəstəni sakitləşdirir. Eyni zamanda ağrıkəsici preparatlar da verilə bilər. Əgər ev şəraitində ağrılar keçməzsə pasiyent xəstəxanaya müraciət etməli və lazım gəldikdə əməliyyat olunmalıdır. Sağlam qidalanmaq, hiperaktiv həyat tərzi öd daşı xəstəliyinin əmələ gəlməsinin qarşısını alır”, – deyə həkim bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts