Memarlıq və İnşaat Universitetində karyera sərgisi təşkil olunub

Tokio, 26 aprel , /AJMEDIA/

Aprelin 26-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrin məşğulluğunu artırmaq məqsədilə karyera sərgisi təşkil olunub. Tələbə və məzunlar üçün nəzərdə tutulan sərgidə nazirliklər, dövlət qurumları, komitə və təşkilatlar, müəssisələr, eləcə də universitetlə uğurlu əməkdaşlıq edən qabaqcıl şirkətlərin nümayəndələri iştirak ediblər.
AJMEDIA xəbər verir ki, sərgidə tələbələrinin keyfiyyətli təhsil almalarını təmin etməklə yanaşı, onların ixtisasları üzrə uğurlu karyera qurmaları üçün də kömək göstərən universitet rəhbərliyinin təşəbbüsü ilə 80-ə yaxın dövlət qurumu, özəl şirkət, müəssisə tələbə və məzunlara müxtəlif vakansiyalar üzrə ümumilikdə 200-dən çox iş yeri təklif edib. Ölkənin aparıcı şirkətlərindən SOCAR, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Nəqliyyat Agentliyi, “Bakı Metropoliteni” QSC, “Azəbaycan Dəmir Yolları” QSC, “Azərsu” ASC, “Azərişıq” ASC, “Azəriqaz” İB, “Holcim”, “Norm ASC”, “PMD Projects” MMC, “AzerGold” QSC, “Kapital Bank”, “Təmiz Şəhər” ASC, “Azercell” eləcə də digər dövlət və özəl şirkətlərdə vakant iş yerləri sərgiyə çıxarılıb.
Universitetin rektoru professor Gülçöhrə Məmmədova karyera sərgisini açıq elan edib. Rektor bildirib ki, sərgi tələbə və məzunların karyera imkanlarını artırmaq, məşğulluqlarını inkişaf etdirmək, əmək bazarında fəaliyyət göstərən şirkətlərlə ixtisaslarına uyğun əlaqə yaratmaq və real iş imkanlarından yararlanmaq məqsədilə təşkil olunub. G.Məmmədova AzMİU-da artıq 3-cü dəfə keçirilən sərginin tələbə və məzunlara karyera yolunda ilkin addımlarını atmaqda böyük dəstək verəcəyini vurğulayıb: “Sərgiyə universitetin əməkdaşlıq etdiyi dövlət qurumları, özəl şirkətlər, həmçinin ölkənin aparıcı müəssisələri qoşulub. Bu, çox təqdirəlayiq haldır. Bu cür sərgilər gənclərlə şirkətlər arasında körpü yaradaraq onların uğurlu karyera qurmaları üçün böyük önəm kəsb edir”.
Mindən çox tələbə və məzunun iştirak etdiyi sərgi böyük maraqla qarşılanıb. Sərgidə şirkət nümayəndələri təmsil olunduqları müəssisələrdəki vakansiyalar haqqında tələbələrə ətraflı məlumat veriblər. Xüsusilə iş axtarışında olan 4-cü kurs tələbələri bu sərginin onlar üçün çox vacib olduğunu, iş yeri tapmaq probleminin həllinə yardım edəcəyini vurğulayıblar. Sərginin gedişində məzunlar şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə ünsiyyət yarada biliblər, şirkət nümayəndələrinə yaxınlaşıb özlərinə uyğun vakansiyalara CV-lərini təqdim ediblər.
Qeyd edək ki, karyera sərgisində müxtəlif şirkətlərin təmsilçiləri də potensial kadrlar seçmək imkanı əldə ediblər. Onlar tələbələrin vakant yerlərə maraq göstərdiklərini, şirkətlərin fəaliyyəti ilə tanış olduqlarını yaxşı hal kimi dəyərləndiriblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts