Kilsədağ məbəd kompleksində arxeoloji tədqiqat işləri yekunlaşıb

Tokio, 14 iyul , /AJMEDIA/

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Albanşünaslıq Elmi Mərkəzinin Qafqaz Albaniyası memarlıq abidələri və mənəvi irsinin tədqiqi sektorunun müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışovun rəhbəri olduğu Qafqaz Albaniyası xristian abidələrinin arxeoloji tədqiqi ekspedisiyasının Qəbələ rayonunun Böyük Əmili kəndində yerləşən Kilsədağ məbəd kompleksi ətrafında apardığı arxeoloji tədqiqat işləri yekunlaşıb.
İnstitutdan AJMEDIA-ya bildirilib ki, eramızın ilk əsrlərinə aid olan dairəvi formalı məbəd kompleksi keçən əsrin 70-ci illərində mərhum arxeoloq Rəhim Vahidov tərəfində tədqiqata cəlb edilib. Ərazidən Qafqaz Albaniyası dövlətinin mövcud olduğu ilk əsrlərə aid dairəvi formalı məbədin qalıqları üzə çıxarılıb.
Son iki ildə kompleksin ərazisində aparılan yerüstü arxeoloji müşahidələr nəticəsində həmin sahədə dairəvi məbəd kompleksi ilə birbaşa bağlılığı olan tikili qalıqları qeydə alınıb. Tikili qalıqlarının Kilsədağ məbəd kompleksi ilə bağlılığı nəzərə alınaraq, mövcud tikili qatlarının memarlıq xüsusiyyətinin müəyyən edilməsi istiqamətində arxeoloji tədqiqatlar aparılıb.
Kilsədağ məbəd kompleksi ərazisində şimaldan cənuba 26 metr uzunluğunda, şərqdən qərbə 12,50 metr enində aparılan arxeoloji tədqiqat işləri zamanı maraqlı memarlıq elementləri üzə çıxarılıb. Şimal və cənub hissədən oval formalı ictimai bina qalığının uzunluğu 21 metr, eni 12 metr olmaqla, divarının qalınlığı 1,40 metrdir. Ərazidən tədqiqatlar zamanı çoxlu sayda son antik – ilk orta və orta əsrlərə aid saxsı qab, şüşə və kirəmit qalıqları aşkar edilib.
Qazıntı sahəsinin nivelirləmə üsulu ilə topoplanlanması həyata keçirilib, gələcək tədqiqatların daha operativliyinin təmin edilməsi məqsədilə ərazinin dron vasitəsilə foto və videogörüntüləri qeydə alınıb. Dron vasitəsilə əldə edilən çəkilişdən bəlli olur ki, aşkarlanan tikili qalıqları Kilsədağ məbəd kompleksinin hələlik təyinatı bəlli olmayan digər dini-ictimai təyinatlı memarlıq nümunəsidir.
Kilsədağ məbəd kompleksində arxeoloji qazıntı və tədqiqat işlərinin növbəti tədqiqat ilində davam etdirilməsi nəzərdə tutulur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts