İtaliya qəzeti Vatikan-Azərbaycan əlaqələrindən yazıb

Tokio, 22 mart , /AJMEDIA/

İtaliyanın katolik icmasına məxsus olan “Faro di Roma” qəzeti Azərbaycan ilə Müqəddəs Taxt-Tacın mədəniyyətlərarası və dostluq münasibətləri barədə məqalə dərc edib.

AJMEDIA xəbər verir ki, yazıda Vatikanla Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğu bildirilir. Qeyd olunur ki, Prezident İlham Əliyev martın 13-də Tacqoyma Günü münasibətilə Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiski təbrik edib. Azərbaycan Prezidenti Roma Papasına ünvanladığı məktubda ölkəmizin Müqəddəs Taxt-Tacla əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayıb, ölkələr arasında uzun illərdən bəri təşəkkül tapmış səmimi dialoq və qarşılıqlı anlaşmanın ümumbəşəri dəyərlərin qorunub saxlanmasına, müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri arasında həmrəyliyin bərqərar olmasına xidmət etdiyini bildirib.

Məqalədə Prezident İlham Əliyevin Azərbaycanın multikulturalizm və inklüzivlik ənənələrinə, dünyada dinlərarası və mədəniyyətlərarası qarşılıqlı anlaşmanın təşviqində roluna verdiyi yüksək qiymətə görə Papa Fransiskə təşəkkür etdiyi vurğulanır. Həmçinin Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Vatikanda reallaşdırılan layihələrin mədəni irsin qorunmasına xidmət etdiyi və dinlərarası dialoqun inkişafına töhfəsini verdiyi qeyd olunur.

Bundan başqa, Azərbaycan yazıda mənəviyyat və dostluq hissinin dərin olduğu ölkə kimi göstərilir. Martın Azərbaycanda Novruz bayramının keçirildiyi ay olduğu, bu bayram ilə qış fəslinin bitməsi və yazın başlanmasının qeyd edildiyi bildirilir. Vurğulanır ki, Novruz yazın ilk gününün və gecə ilə gündüzün bərabərləşdiyi vaxtda qeyd edilən qədim bayramdır. Azərbaycanda Novruz bayramına hazırlıqlar bir aya yaxın davam edir. Novruzdan əvvəlki 4 çərşənbənin hər biri təbiət elementinə aiddir. Ardıcıl olaraq su, od, yel və torpaq çərşənbələri qeyd edilir. Novruz bayramı təbiətin yenidən oyanması, təmizlik və paklıq rəmzidir.

Məqalədə, həmçinin xalqımızın Novruz adət-ənənələrindən bəhs edilir. 2009-cu ildə Novruz bayramının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyi və 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında martın 21-nin Beynəlxalq Novruz Günü elan olunduğu xatırladılır

Follow us on social

Facebook Twitter Youtube

Related Posts