Almaniyada ölkəmizin ən qədim arxeoloji abidələrindən biri haqqında monoqrafiya nəşr olunub

Tokio, 18 aprel , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Azərbaycan və Yaponiya arxeoloqlarının son 15 il ərzində ölkəmizin ərazisində apardığı arxeoloji tədqiqatlarının nəticələrinə həsr olunmuş ikinci fundamental əsər Almaniyada ingilis dilində nəşr edilib.
Yaxın və Orta Şərqdə aparılan arxeoloji tədqiqatlar üzrə ixtisaslaşan, dünyanın nüfuzlu elmi təsisatlarından biri, mərkəzi ofisi Berlində yerləşən “Ex oriente e.V.” Elmi Cəmiyyəti tərəfindən nəşr olunmuş monoqrafiya Azərbaycanın səkkiz min il yaşı olan Hacıələmxanlı Neolit dövrü məskəninin (Tovuz rayonu) tədqiqatlarına həsr edilib. “Hacıələmxanlı təpə, Qərbi Azərbaycanda Erkən Neolit məskəninin arxeoloji tədqiqatları” (Hacı Elamxanlı Tepe, The Archaeological Investigations of an Early Neolithic Settlement in West Azerbaijan) monoqrafiyasının müəllifləri AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru, arxeoloq Fərhad Quliyev, Tokio Universitetinin tarixəqədərki arxeologiya üzrə professoru, həmin qurumun arxeoloji muzeyinin direktoru doktor Yoşihiro Nişiaki və Naqoya Universitetinin professor assistenti fəlsəfə doktoru Seyci Kadovakidir.
İnstitutdan bildirilib ki, 236 səhifədən, 165 şəkil və 16 tablodan ibarət monoqrafiya Cənubi Qafqazın ən Erkən Neolit dövrü məskəni hesab edilən Hacıələmxanlı abidəsinin arxeoloji və arxeometrik tədqiqatlar üzrə nəticələrini dünya elmi ictimaiyyətinə açıqlayır. Monoqrafiyada abidənin müasir və qədim landşaftı, məskəndə yaşamış Neolit dövrü əhalisinin istifadə etdiyi sümük və daşdan düzəldilən alətləri, dulus məmulatlarının istehsal texnologiyasının və naxışlanmasının xüsusiyyətləri, biofaktların makrobotanik və paleozooloji analizlərinin yekunları və qədim əhalinin yaşayışı barədə ətraflı təsəvvür yaradan digər elmi nəticələr yer alıb. Tədqiqat əsərində Yaxın Şərqin Neolit mədəniyyətlərinin Cənubi Qafqazdakı Orta Kür hövzəsi ilə əlaqələri və bu baxımdan öz xüsusiyyətlərinə və tarixlənməsinə görə Hacıələmxanlı abidəsinin unikallığı vurğulanır. Monoqrafiyada, həmçinin Azərbaycan dilində xülasə də verilib.
Qeyd edək ki, Fərhad Quliyev və Yoşihiro Nişiaki həm də ötən il İngiltərənin Oksford şəhərində yerləşən məşhur “Archaeopress” beynəlxalq elmi nəşriyyatı tərəfindən çap edilmiş “Göytəpə: Azərbaycanda, Orta Kür hövzəsində Neolit dövrünün tədqiqatları” fundamental monoqrafiyanın həmmüəllifləridir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts