İkinci Beynəlxalq Qarabağ – Tətbiqi Elmlər Konqresi işə başlayıb

Tokio, 10 Noyabr, /AJMEDIA/

Noyabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Zəfər Gününə və şəhidlərimizin əziz xatirəsinə həsr edilən İkinci Beynəlxalq Qarabağ – Tətbiqi Elmlər Konqresi hibrid rejimdə işə başlayıb.

AJMEDIA xəbər verir ki, “Zoom” platforması üzərindən dünyanın 20-dən çox ölkəsindən nümayəndələrin qatıldığı konqresin Azərbaycan tərəfindən təşkilatçıları AMEA, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Genetik Ehtiyatlar İnstitutu, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Xəzər Universiteti, Naxçıvan Universitetidir. Türkiyə tərəfindən təşkilatçılar isə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutudur.

Tədbirdə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, 44 günlük Vətən müharibəsindəki Zəfərə həsr edilən videoçarx nümayiş olunub.

Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edən AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən, AMEA-nın akademik-katibi, akademik Arif Həşimov beynəlxalq konqresin məhz belə bir gündə keçirilməsini mühüm tarixi hadisə adlandırıb.

Akademik bildirib ki, 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi ilə 44 günlük Vətən müharibəsi məntiqi sonluğa çatdırılmış oldu. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əzmkarlığı, qətiyyəti, Azərbaycan Ordusunun misilsiz şücaəti hesabına qazanılan tarixi Qələbə sayəsində Qarabağ öz həqiqi sahibinə qaytarıldı. Bu tarixi gündə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmətlə anır, yaralılara, qazilərimizə Allahdan şəfa və uzun ömür diləyirik. Onların hər biri xalqımızın qürur yeri, fəxarət qaynağıdır.

Vətən müharibəsindəki tarixi Zəfərin ardınca dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Qarabağda genişmiqyaslı bərpa işlərinə, böyük quruculuq fəaliyyətinə başlanılıb. Azərbaycan Prezidentinin nəzarəti altında həyata keçirilən bu işlər artıq öz bəhrəsini verməkdə, ardıcıl planlaşdırılan və gerçəkləşdirilən infrastruktur, ağıllı kənd və şəhər layihələri regionun simasını sürətlə dəyişdirməkdə, Qarabağ bölgəsi gülüstana çevrilməkdədir. Regionun iqtisadi inkişafında, bütün türk dünyasının yerüstü kommunikasiyalar vasitəsilə əlaqələndirilməsində mühüm rol oynayacaq Zəngəzur dəhlizinin açılması və fəaliyyəti üçün müvafiq addımlar atılmaqdadır. Torpaqların erməni işğalından azad edilməsi sayəsində 30 ildən sonra regiona elmin də böyük qayıdışı başlanıb. AMEA, eyni zamanda, elmi kollektivlərimiz ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi işinə öz töhfəsini verdiyi kimi, Qarabağın bərpasında da üzərinə düşən öhdəlikləri tam məsuliyyətlə yerinə yetirməyə hazırdır və bunun üçün bütün potensiala malikdir.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova İkinci Beynəlxalq Qarabağ – Tətbiqi Elmlər Konqresinin Zəfər Gününə və şəhidlərin xatirəsinə həsr olunduğunu söyləyib. Akademik bildirib ki, Ulu Öndərin siyasi, iqtisadi və hərbi siyasətini uğurla davam və inkişaf etdirən Azərbaycan dövlətinin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın vahid amal uğrunda dəmir yumruq kimi birləşməsi dənizdən-dənizə Ermənistan ideyasını yerlə-yeksan etdi, Ermənistan adlı vassal qurumun müstəqil dövlət şəkildə mövcudluğunu belə sual altına saldı. Şanlı Qələbənin ən vacib təməl daşlarından biri Azərbaycan xalqının dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə Müzəffər Ali Baş Komandanla yanaşı dayanması, iqtidar-xalq birliyinin sarsılmazlığı olmuşdur. Müstəqillik illərində vətənpərvərlik ruhunda tərbiyə alaraq böyümüş Azərbaycan gəncləri, qanları ilə bayrağımıza al rəng vermiş şəhid və qazilərimiz, arxa cəbhədə çalışan fədakar insanlarımız ölkə rəhbərinin bir çağırışı ilə ayağa qalxdılar, əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdilər. Böyük Qələbənin qazanılmasının daha bir mühüm amili Türkiyə – Azərbaycan qardaşlığı, Türkiyə dövləti və xalqının Azərbaycanın haqq işinə siyasi və mənəvi dəstəyi oldu. Müharibənin ilk günündən Türkiyə Respublikası Prezidentinin bütün dünyaya mesajları, aydın, birmənalı və sərt açıqlamaları Azərbaycana əlavə güc verdi, birliyimizin, qardaşlığımızın əbədiliyinin daha bir təzahürü oldu.

2021-ci il iyunun 15-də türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ölkələrimiz arasında münasibətləri yeni səviyyəyə qaldırdı. Bütün bu məsələlər Füzuli Beynəlxalq Hava Limanının açılışında və Zəngilan rayonunun Ağalı kəndində hər iki ölkənin prezidentlərinin çıxışlarında, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalında, Müzəffər Ali Baş Komandanın bütün dünyaya verdiyi mesajlarda öz əksini tapıb.

Vurğulanıb ki, Qarabağın bərpası, kommunikasiya xətlərinin çəkilişi, “ağıllı” kənd və şəhərlərin tikintisi, təsərrüfat sahələrinin yenidən fəaliyyətə başlaması sürətlə davam edir, Qarabağ bölgəsi gülüstana çevrilməkdədir. Məlumdur ki, 30 ilə yaxın bir müddətdə işğal altında qalmış Qarabağda ermənilər tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə, ümumbəşəri dəyərlərə zidd olaraq biomüxtəliflik, yeraltı və yerüstü sərvətlər talan edilib, meşə, otlaq, torpaq və su ehtiyatlarından düşməncəsinə istifadə olunub. Qiymətli ağacların üstünlük təşkil etdiyi meşələr, o cümlədən Avropada yeganə olan unikal çinar meşəsi, yüz və min illərə şahidlik etmiş çox qədim çinar ağacları ermənilər tərəfindən kəsilərək məhv edilib. Azərbaycanın “Qırmızı kitabı”na düşmüş onlarla bitki və heyvan növləri tamamilə itmək təhlükəsinə məruz qalıb. Təəssüf ki, işğal dövründə bu ərazilərdə hər hansı tədqiqat işi aparmaq mümkün olmayıb. Biz hələ müharibənin gedişində və Qələbədən dərhal sonra Azərbaycan alimlərinin Böyük Qayıdışa və böyük dirçəlişə öz töhfələrini verməyə hazır olduqlarını bəyan etmişdik. Artıq deyə bilərik ki, Qarabağa elmin böyük qayıdışında, bərpa proseslərində Azərbaycan Milli Elmlər Akademiyası, elmi kollektivlərimiz fəal iştirak edirlər. Bu gün Qarabağın yeraltı və yerüstü, canlı və cansız, təbii və mədəni sərvətləri, mövcud bioloji və ekoloji durumu, inkişaf perspektivləri ciddi multidisiplinar tədqiqatların mövzusuna çevrilib. AMEA-da qəbul edilmiş qərarlar, “Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılacaq elmi tədqiqat işləri, elmtutumlu bərpa və quruculuq layihələri üzrə AMEA-nın fəaliyyət proqramı” və “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında tədbirlər planı” yerinə yetirilməkdədir.

Konqresin mövzuları barədə məlumat verən İ.Hüseynova bildirib ki, elm Yer üzündə canlı həyatın davamına və yaşam keyfiyyətinin yüksəldilməsinə, insan cəmiyyətinin tərəqqisinə və rifahının yaxşılaşdırılmasına, beynəlxalq sülh və əməkdaşlığın təmin olunmasına və dərinləşdirilməsinə xidmət etməlidir. Bütün bunlar Azərbaycan və Türkiyənin elmi-tədqiqat və təhsil müəssisəsinin təşkilatçılığı ilə keçirilən bugünkü beynəlxalq konqresin da əsas məramlarıdır. Tətbiqi elmlər sahəsində multidisiplinar tədqiqatların inkişafına töhfələr vermək, onlardan alınmış mühüm nəticələri bölüşmək və fikir mübadiləsi aparmaq, eyni zamanda, tədqiqatların keyfiyyətinin artırılması məqsədilə beynəlxalq elmi platforma yaratmaq konqresin ana xəttini təşkil edir. Azərbaycanın Zəfər Günü və şəhidlərin xatirəsinə həsr edilmiş İkinci Beynəlxalq Qarabağ – Tətbiqi Elmlər Konqresində də mühüm elmi nailiyyətlərin nümayişinə şahidlik edəcəyik və konqresin qarşısına qoyulmuş məqsədlər gerçəkləşəcək.

Daha sonra Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun prezidenti Mustafa Latif Emek çıxış edərək Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib.

M.Emek 30 ilə yaxın bir müddətdə Azərbaycan torpaqlarını, öz havadarlarının köməyilə işğal altında saxlayan Ermənistanın tarix boyu birlikdə yaşadığı xalqlara, qonşu dövlətlərə hər zaman vandalizm siyasəti yeritdiyini, dövlət və millət əxlaqına sığmayan vasitələrlə qarayaxma fəaliyyəti ilə məşğul olduğunu, digər dövlətlərin provokativ siyasətinin alətinə çevrildiklərini diqqətə çatdırıb. O, ermənilərin Azərbaycan xalqına qarşı etdiyi vəhşiliklərin heç bir zaman unudulmayacağını vurğulayıb.

“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şücaəti sayəsində qazanılmış Zəfər yalnız Azərbaycanın deyil, bütün bəşəriyyətin vandalizm üzərində tarixi qələbəsidir”, – deyən institut rəhbəri Qarabağ torpaqlarının bundan sonra sülh, əmin-amanlıq içərisində və insanlığın layiq olduğu bütün dəyərlərə sahib olaraq əbədi Azərbaycan torpağı kimi qalacağına əminliyini ifadə edib.

M.Emek Qarabağın yenidən dirçəlməsində, ermənilərin törətdikləri vandalizm əməllərinin dünyaya çatdırılmasında alimlər üzərinə böyük vəzifələr düşdüyünü qeyd edib, rəhbərlik etdiyi institutun bundan sonra da Qarabağ həqiqətlərinin beynəlxalq arenada tanınması üçün bütün zəruri addımları atacağını deyib. O, bu gün Azərbaycanın yetişdirdiyi alim və mütəxəssislərin dünyanın aparıcı elm mərkəzlərində, qurumlarında və şirkətlərində çalışdıqlarını, Azərbaycan bayrağını dünyanın hər bir nöqtəsində qürurla dalğalandırdıqlarını diqqətə çatdırıb. M.Emek çıxışının sonunda tarixi gündə keçirilən konqresin işinə uğurlar arzulayıb.

Konqres işini bölmələr üzrə davam etdirib.

Qeyd edək ki, noyabrın 10-dək davam edəcək konqresdə riyaziyyat, mühəndislik, fizika, kimya, biologiya, ətraf mühit elmləri, coğrafiya, tibb elmləri, idman elmləri, kənd təsərrüfatı elmləri, baytarlıq elmləri, təhsil elmləri istiqamətləri üzrə məruzələrin dinlənilməsi nəzərdə tutulub. Konqresdə 2 gün ərzində 24 virtual iclas zalında 10-dan çox elm sahəsi üzrə 20-yə qədər ölkədən təqdim edilmiş 220-yə yaxın məruzənin dinləniləcəyi planlaşdırılır. Konqresin Təşkilat Komitəsinə Azərbaycan və Türkiyə respublikalarını təmsil edən tanınmış alim və mütəxəssislər daxildir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts