1918-ci il mart soyqırımı həqiqətləri

Tokio, 31 mart , /AJMEDIA/

XX əsrdə Azərbaycan xalqına qarşı ilk soyqırımı 1905-1906-cı illərdə erməni terrorçu dəstələri tərəfindən törədildi. O zaman İrəvan, Naxçıvan, Dərələyəz, Göyçə, Ağbaba, Şörəyel, Sürməli, Qarabağ, Zəngəzur, Gəncə, Qazax, Borçalı və Tiflisdə minlərlə azərbaycanlı qətlə yetirildi. 1905-ci ilin mayında Bakı qubernatoru knyaz M.Nakaşidze “Daşnaksütyun” partiyasının üzvü Dro Kanayan tərəfindən qətlə yetirildi. Bu fakt erməni terrorunun təkcə azərbaycanlılara deyil, digər millətlərin də nümayəndələrinə qarşı amansız olduğunu göstərir.

Bu fikirləri açıqlamasında AMEA Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə söyləyib. 1917-ci ilin fevralında Rusiyada Romanovlar sülaləsinin devrildiyini bildirən alim həmin ildə oktyabr çevrilişi ilə bolşeviklərin hakimiyyətə yiyələndiklərini diqqətə çatdırıb. Ramin Əlizadə qeyd edib ki, 1917-ci il noyabrın 2-də Bakı Sovetinin İcraiyyə Komitəsi şəhərdə ali hakimiyyət orqanı elan olundu və Azərbaycan xalqının qəddar düşməni olan Stepan Şaumyan ora sədr seçildi: “Azərbaycanlılara qarşı mart soyqırımının əsas təşkilatçısı olan S.Şaumyan 1917-ci il dekabrın 16-da Rusiya bolşeviklərinin rəhbəri V.İ.Lenin tərəfindən Qafqaz üzrə fövqəladə komissar təyin edildi. S.Şaumyan Bakıda əksəriyyəti erməni terrorçularından ibarət olan və Q.Korqanovun (Korqanyan) rəhbərlik etdiyi 20 min nəfərlik qoşun təşkil etdi. Mart soyqırımı ərəfəsində Bakıda qanunsuz şəkildə cəmləşmiş və S.Şaumyandan soyqırımı əmri gözləyən hərbi qüvvələr əsasən “Daşnaksütyun” partiyasının silahlı dəstələrindən ibarət idi.

1918-ci ilin yanvarında Müsəlman Korpusunun komandanı general Ə.Talışinskinin Bakıda həbs edilməsi şəhərin dinc azərbaycanlı əhalisinin etirazına səbəb oldu. Mart ayında Bakıda siyasi vəziyyəti gərginləşdirən digər bir hadisə isə Bakı Sovetinə seçkilərdə azərbaycanlıların ən böyük milli partiyası olan “Müsavat”ın böyük səs çoxluğu ilə qələbə qazanması idi. Martın 15-də S.Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti “Daşnaksütyun” partiyasının Bakı komitəsi və digər erməni millətçi təşkilatları ilə Azərbaycan milli-azadlıq hərəkatının aparıcı qüvvəsi olan “Müsavat” partiyasına qarşı birgə fəaliyyət göstərmək haqqında gizli saziş bağladı. Bundan sonra S.Şaumyan “Daşnaksütyun” partiyası və Erməni Milli Şurası ilə əlbir hərəkət edərək qısa müddətdə Bakıda və Azərbaycanın digər bölgələrində dinc əhaliyə qarşı soyqırımı həyata keçirmək üçün öz iyrənc planını işə saldı. O, martın 29-da Bakı limanından “Evelina” gəmisi ilə Lənkərana getmək istəyən müsəlman əsgərlərini tərk-silah etmək haqqında əmr verdi. Azərbaycanlı əhali silahların geri qaytarılmasını tələb etdikdə martın 30-da daşnak-bolşevik qüvvələri atəş açmağa başladılar. Bununla da S.Şaumyanın təxribat planı baş tutdu. Martın 31-də səhər açılan kimi toplar və pulemyotlarla silahlanmış daşnak-bolşevik qüvvələri şəhər əhalisini vəhşicəsinə qətlə yetirməyə başladılar. Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyi yanında 1918-ci il iyulun 15-dən 1920-ci ilin aprelinədək fəaliyyət göstərən Fövqəladə Təhqiqat Komissiyasının sənədlərindən məlum olur ki, 1918-ci il martın 30-dan aprelin 2-dək 3 gün ərzində yalnız Bakı şəhərində 12 min nəfərdən çox azərbaycanlı öldürüldü. Bütövlükdə isə Bakı quberniyasında sentyabrın 15-dək davam etmiş kütləvi qırğınlar nəticəsində 50 min nəfərdən çox dinc azərbaycanlı qətlə yetirildi. Bakıda Təzəpir məscidinin və Şah məscidinin minarələri top atəşinə tutuldu, “İsgəndəriyyə” və “İslamiyyə” mehmanxanaları dağıdıldı, Tağıyev teatrı, “İsmailiyyə” binası, “Açıq söz” və “Kaspi” qəzetlərinin redaksiyaları yandırıldı”.

Ramin Əlizadə daşnak-bolşevik hərbi birləşmələrinin Bakıdan başqa, Azərbaycanın digər şəhərlərində də soyqırımı törətdiklərini bildirib: “S.Şaumyan martın 17-də Bakıdan 2 min nəfər top və pulemyotla silahlanmış qoşununu Şamaxı qəzasına dinc azərbaycanlı əhalinin üzərində göndərdi. Mart-aprel aylarında S.Lalayan və T.Əmiryanın terrorçu dəstələri Şamaxı qəzasının 58 kəndini viran edərək, 8 min nəfərdən çox dinc sakinini qətlə yetirdilər və Şamaxı Cümə məscidini yandırdılar. “Azərbaycan” qəzetində Şamaxıya hücum edən düşmən ordusunun 4 min nəfər olduğu, onların isə yüzdə səksəninin erməni olması göstərilib. “Hümmət” qəzetində “Şamaxı əhvalı” adlı məqalədə şəhərin bütünlüklə yandırıldığı qeyd edilib.

1918-ci il mayın 1-də Qubaya hücum edən S.Hamazaspın başçılıq etdiyi 5 min nəfərlik daşnak dəstəsi Quba, Qusar və Xaçmaz ərazilərində 26 məscidə od vurub yandırdılar. Bütövlükdə isə Quba qəzasında 17 min nəfərə yaxın dinc azərbaycanlı əhalini qətlə yetirdilər. Bakı, Şamaxı və Quba ilə yanaşı, Lənkəran, Kürdəmir, Salyan, Göyçay, Naxçıvan, İrəvan, Göyçə, Vedi, Ağbaba, Şörəyel, Şərur-Dərələyəz və Zəngəzur qəzalarında on minlərlə dinc azərbaycanlı əhalisi erməni daşnakları tərəfindən qətlə yetirildi. Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində təkcə Zəngəzur qəzasında 115 kəndin viran edildiyi, 10 min nəfərdən çox dinc azərbaycanlının qətlə yetirildiyi, onun isə 2200 nəfərinin uşaq olduğu qeyd edilib. Şərqi Anadoluda yerli türk-müsəlman əhaliyə qarşı qanlı əməlləri ilə tanınan erməni qulduru Andranik 1918-ci ilin mayından 1919-cu ilin martınadək Göyçədən Urmiya hövzəsinə və Zəngəzuradək böyük bir ərazidə 600 min nəfərədək dinc azərbaycanlı əhalini soyqırımına məruz qoyub.

Beləliklə, mart soyqırımı erməni daşnaklarının Qafqazda törətdiyi ən qanlı hadisə kimi tarixə düşdü. 1920-ci ilin aprelində bolşevik işğalından sonra Azərbaycanda bolşevik şineli geyinmiş daşnaklar bu dəfə Sovet Rusiyasının dəstəyilə Azərbaycanın tarixi ərazisi olan Zəngəzurun qərb hissəsini və Göyçə mahalının bir hissəsini ələ keçirdilər. 1918-ci il mart soyqırımına ilk dəfə tarixi qiyməti Ümummilli Lider Heydər Əliyev verdi. Onun 1998-ci il 26 mart tarixli Fərmanı ilə martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edildi. 2009-cu il dekabrın 30-da Prezident İlham Əliyev soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında Sərəncam imzaladı və 2013-cü il sentyabrın 18-də bu kompleksin açılışı oldu”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts