İçio İşikava: Azərbaycan müstəqil dövlət kimi mövcudluğuna görə ulu öndər Heydər Əliyevə borcludur

Tokio, 20 aprel , /AJMEDIA/

Ümummilli lider Heydər Əliyev Azərbaycanı çox sevirdi və onun dünyada müstəqil dövlət kimi tanınması üçün böyük xidmətlər göstərmişdir. Bu gün Azərbaycan müstəqil dövlət kimi mövcudluğuna görə məhz ulu öndər Heydər Əliyevə borcludur.
AJMEDIA xəbər verir ki, bu fikri Yaponiyanın NHK kanalının beynəlxalq icmalçısı İçio İşikava AJMEDIA-ya müsahibəsində deyb.
– “Heydər Əliyev dünyanın tanınmış siyasi xadimlərindən, məşhur dövlət başçılarından biri olmuşdur. Onun keçmiş SSRİ dövründəki fəaliyyəti, Sovet İttifaqı Kommunist Partiyasının və sovet hökumətinin aparıcı fiqurlarından biri olması yaxşı məlumdur. O zaman Yuri Andropovdan sonra məhz Heydər Əliyevin Sovet İttifaqının rəhbəri olacağı barədə söhbətlər gəzirdi.
Mən bu böyük şəxsiyyətlə ilk dəfə 1995-ci ilin fevralında Azərbaycanda görüşmüşəm. O zaman ilk dəfə jurnalist kimi Azərbaycana getmişdim. Məni cəlb edən 1994-cü ilin sentyabrında imzalanmış “Əsrin müqaviləsi” idi. Yəqin xatırlayırsınız, həmin müqavilə imzalandıqdan dərhal sonra Rusiya Xarici İşlər Nazirliyi kəskin bəyanatla çıxış etmişdi. Bu, məni çox təəccübləndirmiş və düşünməyə vadar etmişdi ki, görəsən Rusiya bu müqaviləyə niyə belə kəskin reaksiya verir? Məhz bunun səbəbini aydınlaşdırmaq üçün Azərbaycana yollanmağı qərara aldım.
Bizim ilk görüşümüzdə Heydər Əliyev mənə çox güclü təsir bağışladı. İlk andan çox müdrik, təcrübəli və cəsarətli siyasi xadimlə görüşdüyümü başa düşdüm. O zaman Azərbaycan ağır dövrünü yaşayırdı. Ermənistan-Azərbaycan müharibəsində atəşkəs barədə razılıq yenicə əldə edilmişdi, iqtisadi böhran, daxili qeyri-sabitlik davam etməkdə idi. Ölkə təzə-təzə ayağa qalxmağa başlamışdı. Ağır dövrə, böyük çətinliklərə, xarici və daxili təzyiqlərə baxmayaraq, Heydər Əliyev faktiki olaraq təkbaşına bu çətinlikləri aradan qaldırmağa, ölkənin tam müstəqilliyinə nail olmağa çalışırdı.
Çox maraqlı və gərgin dövr idi. Buna görə də mən 1995-ci il ərzində bir neçə dəfə Bakıda ezamiyyətdə oldum. Onun hər bir xarici nümayəndə heyəti ilə görüşü, həmin görüşlərdə yerli və xarici jurnalistlərin yalnız danışıqların protokol hissəsində deyil, əvvəldən axıradək iştirakına icazə verilməsi çox maraqlı idi. Mən bir hadisəni çox yaxşı xatırlayıram. Rusiyadan çox böyük nümayəndə heyəti gəlmişdi. Onlar özləri ilə Rusiya hökumətinin xarici siyasətlə bağlı bir fərmanını gətirmişdilər. Sənəddən belə çıxırdı ki, keçmiş SSRİ dövründə olduğu kimi, indi də bu ərazilər Rusiyanın maraq dairəsinə daxildir. Nümayəndə heyətinin rəhbəri həmin sənədi Heydər Əliyevə təqdim etdi. Sonra danışıqlar başladı və Rusiya tərəfi bildirdi ki, hazırda Xəzərin ekologiyası onları çox narahat edir. Heydər Əliyev bu sözlərə kəskin reaksiya verərək dedi: Siz ekologiyadan danışırsınız, amma indi burada müharibə gedir, ölüm, ya qalım məsələsi həll olunur. Siz Rusiya olaraq bu problemin həllində bizə kömək etməlisiniz.
Mən Heydər Əliyevin tanınmış ABŞ siyasətçisi Z.Bzejinski ilə görüşünü də yaxşı xatırlayıram. Həmin görüş çox dar çərçivədə keçirilirdi. Heydər Əliyev söhbət zamanı həm ölkə daxilində, həm də xaricdə Azərbaycanı məhv etmək istəyən qüvvələrin olduğunu dedi. Cavabında Z.Bzejinski ABŞ-ın Azərbaycan hökumətini və xalqını birmənalı olaraq dəstəklədiyini bildirdi.
Daha bir maraqlı görüş Çin nümayəndə heyəti ilə olmuşdu. Bu vaxt Azərbaycanın daxilində artıq sabitlik möhkəmlənmişdi, 1997-ci il idi. Çin tərəfi özü ilə yalnız rus dilini bilən tərcüməçi gətirmişdi. Heydər Əliyev bunu bilə-bilə, nümayişkaranə şəkildə beş dəqiqəyədək Azərbaycan dilində danışdı. Sonra tərcüməçi qıza baxaraq “Bəs niyə tərcümə etmirsiniz?” deyə soruşdu. Qız yalnız rus dilini bildiyini dedikdə Heydər Əliyev xüsusi intonasiya ilə vurğuladı: Bura Rusiya deyil, bura Azərbaycandır və onun öz dövlət dili vardır. Sonra isə vəziyyəti nəzərə alaraq rus dilində daşımağa başladı. Onun rus dilini çox gözəl bildiyini rusların özləri də etiraf edirdilər. Bu, xarici jurnalistlərin, eləcə də Rusiyadan olan jurnalistlərin gözü qarşısında baş verdi. Heydər Əliyev bununla hamıya demək və göstərmək istəyirdi ki, Azərbaycan müstəqil dövlətdir və onun öz ana dili, dövlət dili vardır.
Bütün bu dediklərim təsdiq edir ki, Heydər Əliyev çox müdrik, ağıllı, cəsarətli dövlət başçısı idi. O, keçirilən görüşlərə əcnəbi jurnalistləri dəvət etməklə həm Azərbaycanın beynəlxalq statusunu qaldırırdı, həm də bunun ölkənin təhlükəsizliyi üçün əhəmiyyətini nəzərə alırdı. SSRİ dağıldıqdan sonra müstəqilliyin bərpası yolu digər respublikalar üçün də çətin olmuşdur. Lakin mən deyərdim ki, bu yol Azərbaycan üçün xüsusilə ağır olmuşdur. Heydər Əliyev yaranmış bu vəziyyəti dərindən anlayırdı və onun aradan qaldırılması üçün əlindən gələni əsirgəmirdi.
Tarixin sınaq dövrlərindən xalqların uğurla çıxmasında şəxsiyyətlərin mühüm rol oynadığını indi hamı etiraf edir. Heydər Əliyev Azərbaycanın müstəqilliyini qorumaq və onu bütün dünyaya tanıtmaq üçün öz iş otağını əsl qərargaha çevirmişdi. Müasir Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında Heydər Əliyevin xidmətləri əvəzolunmazdır. O, öz təcrübəsini, bilik və bacarığını bu yolda axıradək sərf etdi. Bu gün Azərbaycan bir müstəqil dövlət kimi mövcudluğuna görə məhz ulu öndər Heydər Əliyevə borcludur”.
Yapon journalist həmçinin vurğulayıb ki, Heydər Əliyev fenomenal şəxsiyyət idi, güclü yaddaşı ilə ətrafdakıları heyran qoyurdu: “Ən əsası isə çox təcrübəli, mən deyərdim ki, nəhəng siyasətçi idi. Bəziləri onu konservatizmdə günahlandırsa da, o, keçmiş əlaqələrindən Azərbaycan üçün çox məharətlə istifadə edirdi.
Heydər Əliyev çox maraqlı şəxsiyyət olmaqla yanaşı, həm də istənilən suala açıq idi. Müsahibə zamanı mövzu ilə əlaqədar ona istənilən sualı verə bilərdin. O, sənə diqqətlə qulaq asar və sualını çox aydın cavablandırardı. İstənilən kəskin suala həmişə hazır olardı.
Heydər Əliyevlə ilk müsahibəmi yaxşı xatırlayıram, 1995-ci ilin fevralı idi. Əsas neft ixrac boru kəmərinin marşrutu hələ təsdiq edilməmişdi. Rusiya kəmərin öz ərazisindən keçirməsinə nail olmaq üçün əlindən gələni edirdi. Azərbaycan isə alternativ xəttə üstünlük verirdi. Yadımdadır, Heydər Əliyev o zaman mənim bununla bağlı sualımı belə cavablandırmışdı: Rusiyalı dostlarımız kəmərin Novorossiyskdən keçməsini istəyirlər. Yaxşı, gəlin baxaq, bu yolda vəziyyət necədir? Orada, Çeçenistanda hazırda müharibə gedir…
O, birbaşa yox demədi, əksinə suala qarşı sual qoydu”.
İ.İşikava Heydər Əliyevin jurnalistlərə, qələm sahiblərinə diqqəti həmişə onu heyran etdiyini də xüsusi qeyd edib: “Ətrafındakı istər yerli, istərsə də xarici jurnalistləri çox yaxşı tanıyırdı. Mənə isə elə birinci müsahibədən sonra demişdi ki, nə vaxt Bakıya gəldin, mütləq mənə baş çək. Mən həmişə sənin suallarını cavablandırmağa hazıram”.
Yapon journalist müsahibəsində Azərbaycanın böyük uğurlarına da münasibət bildirib:
“İqtisadiyyatın bərpasına doğru attdığı uğurlu addımlardan sonar, belə qısa zaman kəsiyində Azərbaycan paytaxtındakı əsaslı dəyişikliklərə heyran qalmamaq mümükün deyil. Bakı necə də gözəlləşmiş, əsl müasir meqapolisə çevrilmişdir.
Bir məsələni xüsusi qeyd etmək istəyirəm. Sovet İttifaqının dağılmasından artıq 30 ildən çox vaxt keçir. Digər respublikalarda olduğu kimi, Azərbaycanda da bu ölkə üçün hava-su kimi lazım olan azadlıq şəraitində yeni nəsil yetişmişdir. Müasir Azərbaycan gəncləri məni yaxşı mənada təəccübləndirirlər. Onlar həqiqətən Vətənini sevən, onun müstəqilliyinin əbədi olması, ərazilərin işğaldan azad edilməsi üçün çalışan, öz bilik və bacarıqları ilə dünyanın digər gənclərindən heç də geri qalmayan cavanlardır və bu, deməyə əsas verir ki, ölkənizi xoşbəxt gələcək gözləyir.
Mən inanıram ki, Şərqdən Qərbə, Şimaldan Cənuba uzanan dəhlizlərin kəsişmə nöqtəsində yerləşən Azərbaycan öz sürətli inkişafı ilə dünyanın bir çox gözəl ölkələrinə nəinki çatacaq, hətta onları ötüb keçəcəkdir. Mən çox sevdiyim Azərbaycana, xalqınıza əmin-amanlıq, sülh və daimi çiçəklənmə arzulayıram”.

Vüqar Ağayev

Follow us on social

Facebook Twitter Youtube

Related Posts