Humanitar Elmlər Bölməsi üzrə aparılan elmi araşdırmalar müstəqil dövlətçilik prinsipləri əsasında müəyyənləşdirilib

Tokio, 27 aprel , /AJMEDIA/

Aprelin 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağında Humanitar Elmlər Bölməsinin (HEB) 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat dinlənilib.
AJMEDIA xəbər verir ki, hesabatı AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri akademik İsa Həbibbəyli təqdim edib. Akademik bildirib ki, ötən il bölmədə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında”, “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamlarının icrası, “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun icrası, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”, həmçinin “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi-tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında fəaliyyət proqramı və tədbirlər planı”ndan irəli gələrək müvafiq tapşırıqlar yerinə yetirilib.
Məruzəçi vurğulayıb ki, hesabat dövründə bölmədə 8 istiqamətin 38 problemi üzrə 95 (9-u tamamlanıb) mövzu, 531 iş (330-u tamamlanıb), 308 mərhələ (301-i tamamlanıb) üzərində tədqiqat işləri yerinə yetirilib, HEB-in elmi müəssisə və təşkilatlarından 14, kənar təşkilatlardan isə 15 mühüm nəticə əldə olunub.
Akademik İsa Həbibbəyli bölmədə aparılan tədqiqatların “Azərbaycan ədəbiyyatının qaynaqları, təşəkkülü və inkişaf qanunauyğunluqları”, “Dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları”, “Dilçiliyin və Azərbaycan dilinin inkişaf perspektivləri”, “Azərbaycan ədəbi və elmi-ictimai fikrinin bizə gəlib çatmış maddi nümunələrinin (türkdilli, farsdilli, ərəbdilli əlyazmaların, daşbasma kitabların, tarixi-arxeoqrafik sənədlərin, şəxsi arxivlərin) toplanması, sistemə salınması, kataloqlaşdırılması, qorunması, tədqiqi, nəşrə hazırlanması və təbliği”, “Azərbaycan mədəniyyətinin (musiqi, memarlıq, rəssamlıq, heykəltəraşlıq, teatr, kino, dekorativ və tətbiqi sənət) tarixi və onun çağdaş dünya bədii mədəniyyətində yeri” istiqamətləri üzrə olduğunu bildirib. Həmçinin bölmədə “Azərbaycan xalq yaradıcılığının qaynaqları, təşəkkülü, inkişaf qanunauyğunluqları və əlaqələri”, “Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi”, “Hüseyn Cavid və ümumiyyətlə Cavidlər irsinin toplanması, qorunması, tədqiqi və təbliği”nə dair tədqiqatların aparıldığını diqqətə çatdırıb.
Akademik qeyd edib ki, dünya ədəbiyyatı xəzinəsində layiqli yer tutan dahi Nizami Gəncəvinin yaradıcılığının müstəqil dövlətçilik və azərbaycançılıq idealları əsasında yenidən tədqiqi və təbliği məqsədilə Humanitar Elmlər Bölməsinin müəssisələri ilə birgə fəaliyyət proqramı hazırlanıb və bu istiqamətdə bir sıra təqdirəlayiq işlər həyata keçirilib. Şairin həyat və yaradıcılığı, milli mənsubiyyətinə dair yerli və beynəlxalq konfranslar, seminarlar, sərgilər, müsabiqələr təşkil olunub, ölkəmizdə və xaricdə bir neçə dildə kitablar, monoqrafiyalar, məqalələr işıq üzü görüb.
Bundan əlavə, “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” ölkə rəhbərinin 5 yanvar tarixli Sərəncamından irəli gələrək Humanitar Elmlər Bölməsinin fəaliyyət proqramının hazırlandığını deyib. Vurğulayıb ki, bu çərçivədə “Molla Pənah Vaqif. Həyatı və yaradıcılığı” (kollektiv), “Xurşidbanu Natəvan. Həyatı və yaradıcılığı” monoqrafiyalarının, “Böyük Qayıdışın şah əsəri – Şuşa” məqalələr toplusunun, “Şuşa – Elam və Troya dövründə”, “Qarabağ toponimləri” kitablarının çapı, beynəlxalq konfransların təşkili, Şuşanın ədəbi-sənətkar mühiti və görkəmli şəxsiyyətlərinə, sənətkarlarına həsr olunmuş tədqiqat işlərinə diqqətin artırılması nəzərdə tutulur.
AMEA-nın Rəyasət Heyətinin 2021-ci il 12 yanvar tarixli “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi-tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında fəaliyyət proqramı və tədbirlər planı”ndan irəli gələn işlərə toxunan məruzəçi bölgənin ədəbiyyat, mədəniyyət, folklor və mədəni irsinin öyrənilməsi ilə bağlı Humanitar Elmlər Bölməsinin elmi müəssisələri tərəfindən 32 kitab, 1 təqvimin çap edildiyini, 20 elmi və elmi-praktik tədbirin keçirildiyini söyləyib.
Alim, həmçinin Aşıq Ələsgərin 200 illik yubileyi, bölmənin beynəlxalq əlaqələri, elmlə təhsilin inteqrasiyası, elektron elmin vəziyyəti, təltiflər və mükafatlar haqqında məlumatları iclas iştirakçılarının diqqətinə çatdırıb.
Bölmənin nəşriyyat fəaliyyətinə toxunan məruzəçi 2021-ci ildə HEB-in elmi müəssisələrinin əməkdaşları tərəfindən 131 kitab (8-i xaricdə), 76 monoqrafiya (7-si xaricdə), 2253 məqalə (344-ü xaricdə), 185 tezis (86-sı xaricdə), 20 dərslik və elmi-kütləvi nəşrin çap olunduğunu, “Web of Science” və “Scopus” jurnallarında əməkdaşların 20 məqaləsinin yer aldığını vurğulayıb.
Akademik çıxışının sonunda bildirib ki, Humanitar Elmlər Bölməsinin elmi müəssisələrində aparılan elmi araşdırmaların, həyata keçirilən elmi-təşkilati tədbirlərin ideoloji-strateji istiqamətləri dünya təcrübəsi nəzərə alınmaqla azərbaycançılıq məfkurəsinin müstəqil dövlətçilik prinsipləri əsasında müəyyənləşdirilib.
Məruzə dinlənildikdən sonra hesabat ətrafında çıxışlar olub, AMEA-nın Ümumi yığıncağının qərarı ilə bölmənin elmi müəssisə və təşkilatlarına müvafiq tapşırıqlar verilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts