Fumio Kişida: Şimali Koreyanın raket sınaqları qəbuledilməzdir

Tokio, 4 noyabr , /AJMEDIA/

Noyabrın 3-də Yaponiyanın Baş naziri Fumio Kişida Şimali Koreyanın növbəti raket buraxılışlarını kəskin tənqid edib.
AJMEDIA xəbər verir ki, Pxenyan noyabrın 3-də Yapon dənizi istiqamətində bir neçə ballistik raket buraxıb. Fumio Kişida Şimali Koreyanın davam edən raket sınaqlarını tamamilə qəbuledilməz adlandırıb.
Baş nazir, həmçinin müvafiq qurumlara istənilən dəymiş ziyanı müəyyənləşdirməyi və yapon cəmiyyətinə lazımi informasiyanı tam çatdırmağı tapşırdığını deyib. Baş nazir buraxılışların ciddi şəkildə araşdırılması barədə göstəriş verdiyini bildirib. Eyni zamanda, F.Kişida buraxılan raketlərdən birinin qitələrarası ballistik raket olduğunu güman etdiyini də qeyd edib.
Yaponiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Şimali Koreya yerli vaxtla səhər saat 7:40 dəqiqədə Yapon dənizi istiqamətində bir neçə raket buraxıb. Onlardan birinin 2 min kilometr yüksəklikdə uçaraq 750 kilometr məsafəni qət etdiyi bildirilir. Orta və ya uzaq mənzilli ballistik raket olduğu güman edilən bu raket dənizə düşüb.
İlkin olaraq, Şimali Koreyanın qərbindən buraxılan raketlərdən birinin Yaponiya üzərindən uçduğu güman olunsa da, onun Yapon dənizində gözdən itdiyi qeyd edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts