Folklor İnstitutunda elmi konfrans: Sabir və xalq gülüşü

Tokio, 14 iyul , /AJMEDIA/

AMEA-nın Folklor İnstitutunda böyük Azərbaycan şairi və görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin anadan olmasının 160 illiyi münasibətilə “Sabir və xalq gülüşü” mövzusunda elmi konfrans keçirilib.
Bu barədə AJMEDIA-ya AMEA-dan bildirilib. İnstitutun icraçı direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Xürrəmqızı institutun illik tədbirlər planı çərçivəsində M.Ə.Sabirin yubileyinin keçirilməsinin əhəmiyyətindən bəhs edib, böyük satirik şairin Azərbaycan ədəbiyyatının parlaq ulduzlardan biri olduğunu qeyd edib, əsərlərinin hər zaman aktuallığı ilə seçildiyini vurğulayıb.
Konfransda Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Ağaverdi Xəlil “Sabirin gülüşü və milli-mənəvi kimlik” mövzusunda məruzə edib. O bildirib ki, Sabir yaradıcılığından bəhs edərkən mütləq gülüşdən, bu gülüşün əsas qaynağı olan xalq gülüşündən danışmaq lazımdır. Bu gülüş Sabirin aid olduğu məktəblə birləşir. Çünki Sabir Molla Nəsrəddin məktəbinin fəal üzvlərindən və aparıcı simalarından biridir. Bu baxımdan Sabirin gülüşündə Molla Nəsrəddin gülüşü var.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Atif İslamzadə isə “Mirzə Ələkbər Sabir yaradıcılığının funksional səviyyələri (folklor və yazılı ədəbiyyat konteksti)” mövzusunda məruzə edib. O bildirib ki, M.Ə.Sabir yaradıcılığı əsasən funksional səviyyədə üç hissədə – forma, janr və mövzu baxımından özünü nümayiş etdirir. M.Ə.Sabirin ədəbiyyatımıza gətirdiyi forma, əslində, folklordan gəlir. Sabir yeganə sənətkardır ki, “xalqlaşıb”. Məruzəçi çıxışı zamanı Sabirin janr etibarilə bir çox şeir növlərindən istifadə etdiyini və mövzularının rəngarəngliyini də diqqətə çatdırıb.
Filologiya üzrə fəlsəfə doktoru Elçin Qaliboğlu isə “Sabirin əsərlərində məsəllərdən bəhrələnmə” mövzusunda çıxış edib. O, Sabir yaradıcılığında dəyişikliyin kökündə Mirzə Cəlilin dayandığını qeyd edib. Məruzəçi daha sonra bildirib ki, sənətkarlıq baxımından Sabirdə ironiya çox güclüdür, onun kədəri doğmadır, ironiyası isə kədərlə birləşib.
Elmi konfrans öz işini iki bölmədə davam etdirib. Bölmə iclaslarında filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva “Mirzə Ələkbər Sabir yaradıcılığında xalq ifadələri”, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Ağayeva “Sabir yaradıcılığında satirik monoloqlar”, filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyeva “Mirzə Ələkbər Sabir və Güney Azərbaycan ədəbiyyatı”, filologiya üzrə fəlsəfə doktoru Gülnar Osmanova “Mirzə Ələkbər Sabir satiralarında xəlqilik” və Səbuhi Bədəlov “Mirzə Ələkbər Sabir əvəzolunmaz klassikimizdir” mövzularında məruzə ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts