Estoniyada Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan tədbir təşkil olunub

Tokio, 22 Noyabr, /AJMEDIA/

Estoniyada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Səfirlikdən AJMEDIA-ya bildiriblər ki, tədbir ölkəmizin Estoniyadakı səfirliyinin, Azərbaycan Diasporuna Dəstək Fondunun, Estoniyada geniş yayımlanan “Ocaq” radiosunun və Tallin şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin birgə təşkilatçılığı ilə baş tutub.

Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov tədbirdə açılış nitqi ilə çıxış edərək, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunduğunu bildirib.

Səfir, həmçinin il ərzində ölkəmizdə və ölkə hüdudlarından kənarda bir çox tədbirlərin keçirildiyini, bu cür silsilə tədbirlərin davamı olaraq Estoniyada da baş tutan, Nizami Gəncəvi irsinin öyrənilməsinə həsr olunan elmi seminarın əhəmiyyətini vurğulayıb.

Səfir, eyni zamanda, bu seminarın keçirilməsinin Estoniya ictimaiyyətində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi haqqında daha müfəssəl məlumat əldə etməyə imkan yaratdığını qeyd edib.

Tədbirdə Fəlsəfə və Sosiologiya Akademiyasının təsisçisi Mail Yaqub “Nizami Gəncəvi yaradıcılığında ədalətin rolu” mövzusunda çıxış edib və iştirakçıların suallarını cavablandırıb.

Elmi seminarın önəmliliyini vurğulayan “Ocaq” radiosunun baş redaktoru Sənəm Əliyeva bu tədbirin ərsəyə gəlməsinə görə Azərbaycan Estoniyadakı səfirliyinə və Azərbaycan Diasporuna Dəstək Fonduna təşəkkürünü bildirib.

Tədbirin davamı olaraq, azərbaycanlı gənc musiqiçilər tərəfindən Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan musiqi parçaları ifa edilib. Mərasimin sonunda Azərbaycan milli mətbəxinin təamları qonaqlara təqdim olunub.

Tədbirdə, həmçinin Türkiyənin Estoniyadakı səfirliyinin əməkdaşları, Estoniyadakı Azərbaycan icmasının nümayəndələri, Estoniya ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts