Dövlət qulluqçularının etik davranış qaydaları haqqında hesabat hazırlanıb

Tokio, 3 may , /AJMEDIA/

Qanunvericiliyə uyğun olaraq, mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə digər dövlət qurumları tərəfindən etik davranış qaydalarına əməl edilməsi vəziyyətinin öyrənilməsi və bu barədə məlumatların ümumiləşdirilərək təhlil edilməsi məqsədilə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müvafiq iş aparılır.
DİM-dən AJMEDIA-ya bildirilib ki, Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti tərəfindən “Etik davranış məsələləri üzrə məlumatın təqdim edilmə Forması” hazırlanıb. Həmin Formaya uyğun olaraq müvafiq məlumatların Mərkəzə təqdim edilməsi üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, habelə Ali Attestasiya Komissiyasına, Audiovizual Şuraya, Məhkəmə-Hüquq Şurasına, Hesablama Palatasına, İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsmana), Baş Prokurorluğa və Əqli Mülkiyyət Agentliyinə məktublar göndərilib. Bu qurumlar tərəfindən etik məsələlər üzrə təqdim edilmiş məlumatlar təhlil olunub, ümumiləşdirilib və müvafiq hesabat hazırlanıb.
Ümumilikdə hesabat dövründə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarının tələblərini pozan 161 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib. Həmin intizam tənbeh tədbirlərindən 58-i mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarında, 103-ü isə yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları barədə tətbiq edilib.
Hesabatla DİM-in saytındakı link vasitəsilə tanış olmaq mümkündür.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts