Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilir

Tokio, 13 Sentyabr, /AJMEDIA/

Sentyabrın 13-də 16 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vakant vəzifələrin tutulması üzrə ümumi müsahibə elanı verilib.

Dövlət İmtahan Mərkəzindən AJMEDIA-ya bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanı və məhkəmə hakimiyyəti orqanlarında olmaqla elana çıxarılan vəzifələrin 9-u dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 27-si B növünə (inzibati icraçı) aiddir.

Ümumi müsahibədə iştirak hüququna aşağıdakı şəxslər malikdirlər:

– vakant vəzifəni təqdim etmiş dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;

– “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi, hərbi, diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;

– Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilən və hazırda ehtiyat kadrlar siyahısında olan şəxslər;

– Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər sentyabrın 13-dən oktyabrın 12-si saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Mərkəzin dim.gov.az internet portalı vasitəsilə müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq olar.

Qeyd edək ki, ümumi müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Dövlət Statistika Komitəsi (8 vəzifə), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (7 vəzifə) və Energetika Nazirliyi (5 vəzifə) tərəfindən təqdim olunub.

Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Energetika Nazirliyinin Maliyyə şöbəsində və Elektroenergetika və enerji səmərəliliyi şöbəsində müdir müavini, Dövlət Statistika Komitəsinin Beynəlxalq əlaqələr şöbəsində müdir müavini, habelə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Maddi-texniki təminat şöbəsi, Maliyyə sektorunda sektor müdiri – baş mühasib vəzifələridir.

Ümumi müsahibəyə çıxarılmış 36 vakant vəzifənin 6-sı inzibati vəzifələrin dördüncü təsnifatına, 16-sı beşinci təsnifatına, 6-sı altıncı təsnifatına, 8-i yeddinci təsnifatına aiddir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts