Deputat: Brüssel görüşü Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində növbəti böyük uğurudur

Tokio, 9 aprel , /AJMEDIA/

Brüssel görüşü Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində Prezident İlham Əliyevin yürütdüyü müdrik və ardıcıl siyasətin növbəti böyük uğurudur. Bu görüşdə qəbul edilən və ölkəmizin maraqlarına tamamilə uyğun olan qərarlar Azərbaycan Prezidentinin dünyada böyük nüfuzunun göstəricisidir.

Bu fikirləri AJMEDIA-ya açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib.

A.Vəliyev bildirib ki, məhz dövlətimizin başçısının keçirdiyi görüşlər və apardığı məqsədyönlü danışıqlar nəticəsində Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Bu çərçivədə ilk üçtərəfli görüş hələ ötən ilin dekabrında keçirilib. Məhz həmin görüş Azərbaycanın regionda formalaşdırdığı yeni reallığın qəbul olunmasına zəmin yaradıb.

Deputat diqqətə çatdırıb ki, bu amil özünü aprelin 6-da Brüsseldə keçirilən üçtərəfli görüşlə bağlı Avropa İttifaqı Şurası Prezidentinin bəyanatında da nümayiş etdirir. Bildirilib ki, görüşdə ədalətli sülhün və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm qərarın qəbul edilməsi ölkəmizin növbəti zəfəri kimi qiymətləndirilməlidir. Çünki bu məsələlər sülh razılaşmasının əsas komponenti kimi Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifdə də yer alıb. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması ilə bağlı qərar da ölkəmizin maraqlarına tam uyğundur. Eyni zamanda, göstərir ki, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı heç bir halda müzakirə mövzusu olmayacaq. Bundan başqa, sülh müqaviləsinin hazırlanması ilə bağlı hər iki ölkənin Xarici İşlər nazirliklərinə müvafiq təlimatların verilməsi prosesin praktiki mərhələ qədəm qoyduğunu nümayiş etdirir.

Ağalar Vəliyev vurğulayıb ki, sənəddə “Dağlıq Qarabağ” ifadəsinin yer almaması, həmçinin ATƏT-in Minsk qrupuna və onun həmsədrlik institutuna istinad edilməməsi, sərhəd məsələləri üzrə birgə komissiyanın yaradılması, sərhədlərin delimitasiya prosesinə başlanılması münaqişənin başa çatması barədə Azərbaycanın prinsipial mövqeyinin istisnasız qəbul olunmasıdır.

Bildirilib ki, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Avropa İttifaqı tərəfindən Azərbaycana dəstək göstərilməsinin nəzərdə tutulması Aİ-nin ölkəmizin regionda yaratdığı reallıqları qəbul etməsinin, respublikamızın qurumun Cənubi Qafqazda mühüm tərəfdaşı olmasının əyani sübutudur. Bu onu göstərir ki, Avropa İttifaqı Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verir və ölkəmizin regionda söz sahibi olduğunu artıq qəbul etməkdədir.

“Şarl Mişelin bəyanatında, habelə nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun tikilməsi, iqtisadi məşvərət şurası mexanizminin yaradılması təsdiqlənir. Buradan görünür ki, Azərbaycan öz hədəflərinə doğru addım-adım irəliləyir”, – deyə Milli Məclisin deputatı əlavə edib.

Deputat, həmçinin nəzərə çatdırıb ki, Brüssel görüşü ümumilikdə Azərbaycanın diplomatik qələbəsinin təqdimatıdır. Çünki artıq dünya gücləri də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına dair istəklərini ortaya qoyub və bu istiqamətdə zəruri elementlərin müzakirəsinə başlayıb. Son görüş də təsdiqləyir ki, Avropa İttifaqı öz mövqeyində 44 günlük müharibədən sonra Azərbaycanın bölgədə yaratdığı yeni geosiyasi reallığa əsaslanır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts