Çində Azərbaycan Çinşünaslıq Mərkəzi açılıb

Tokio, 3 iyul , /AJMEDIA/

Çində keçirilən Dünya Çinşünaslar Şurasının Qurultayı çərçivəsində baş qərargahı Çinqdao şəhərində yerləşən Dünya Çinşünaslıq Mərkəzinin nəzdində Azərbaycan Çinşünaslıq Mərkəzi təsis edilib.
AJMEDIA xəbər verir ki, mərkəzin açılış mərasimində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar şurasının sədri professor Hamlet İsaxanlı və Pekin Xarici Dillər Universiteti Azərbaycan dili kafedrasının müdiri, Xəzər Universiteti Çin Tədqiqatlar Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev iştirak ediblər.
Mərkəz Çində tədqiqatlar aparacaq azərbaycanlı alimlər üçün münbit iş və tədqiqat şəraitinin yaradılması məqsədi daşıyır. Qədim İpək yolu üzərində yerləşən iki xalqın mədəni əlaqələri Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yeni müstəviyə qədəm qoyub. Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Çinə çoxsaylı səfərləri müasir Azərbaycan-Çin əlaqələri üçün möhkəm təməl yaradıb. “Bir kəmər, bir yol” təşəbbüsü irəli sürüldükdən sonra bu əlaqələrin dərinləşməsi üçün yeni imkanlar açılıb. Azərbaycan-Çin münasibətlərinin davamlı inkişafı özünü təkcə iqtisadi-ticari deyil, mədəni, eyni zamanda, təhsil, akademik, turizm və digər sahələrdə göstərir. Bu xüsusda universitetlərarası əlaqələr öz əhəmiyyətinə görə seçilir.
Çində Azərbaycan Çinşünaslıq Mərkəzinin açılması Xəzər Universitetində ötən il Çin Tədqiqatlar Mərkəzinin yaradılması layihəsinin tərkib hissəsidir. Xəzər Universitetindəki Çin Tədqiqatlar Mərkəzi bu əlaqələrin inkişafına öz töhfəsini verir. Azərbaycan-Çin əlaqələrinin tədqiq olunması, eləcə də Çində Azərbaycan haqqında qaynaqların müəyyən olunması və üzə çıxarılması zamanın tələbidir. Bu işi uğurla həyata keçirmək üçün Çin mənbələrinə istinad etmədən mümkün deyil. Çindao şəhərində yaradılan Azərbaycan Çinşünaslıq Mərkəzi bu məqsədlərə xidmət edən tədqiqat ocağı kimi böyük əhəmiyyətə malikdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts