Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Tokio, 1 iyun , /AJMEDIA/

Güllü beşiyində şirin-şirin yuxuya gedən süd qoxulu körpə bəlkə də dünyanın ən məsum və ən günahsız bəndəsidir. Onun bir qığıltısına, şirin təbəssümünə dünyanın bütün naz-nemətini qurban verməyə dəyər.
Körpə təbəssümü ən qaranlıq otağa, ən zülmət daxmaya da işıq və hərarət gətirir. Uşaq hər bir evin, ailənin bəzəyi, sevinc və səadət mənbəyidir. Dünyanın ən bahalı daş-qaşı, ən qiymətli sərvəti də bir körpənin göz yaşı önündə duruş gətirə bilməz.
“Uşaqlı ev bazar, uşaqsız ev məzardır,” – deyiblər. Yaxşı nə varsa, hamısı onların üzünədir. Məşhur fransız yazıçısı Viktor Hüqo əbəs yerə demirdi: “Dünyada körpə qığıltısından böyük himn yoxdur”.
İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
Dünyada bu günün qeyd olunması 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də iyunun 1-ni tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.
AJMEDIA xəbər verir ki, dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verilir.
Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir.
Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib.
Bu gün ulu öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır.
Ümummilli Liderin xatirəsinə ehtiram olaraq yaradılan Heydər Əliyev Fondu böyük rəhbərin bu sevgisini, humanist ideyalarını da layiqincə yaşadır.
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür – sabahımız, gələcəyimiz dediyimiz uşaqların bayramıdır. Nazim Hikmət demiş, gəlin dünyanı uşaqlara verək – heç olmasa bir günlüyə, bir neçə saatlığa…

Follow us on social

Facebook Twitter Youtube

Related Posts