Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

Tokio, 16 dekabr , /AJMEDIA/

Dekabrın 16-sı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin peşə bayramı günüdür.
AJMEDIA xəbər verir ki, Prezident İlham Əliyev 2005-ci il dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında Sərəncam imzalayıb.
Nazirlik respublikamızda təbii və texnogen xarakterli fövqəladə halların vaxtında xəbərdar edilməsi, nəticələrinin çevik və səmərəli şəkildə aradan qaldırılması işinin vahid mərkəzdən idarə olunması məqsədilə yaradılıb. Beləliklə, fəlakətlərlə mübarizə işinin təşkilinə dövlət səviyyəsində sistemli yanaşmada yeni bir mərhələnin əsası qoyulub. Dövlətimizin başçısının 2006-cı il 8 dekabr tarixli Sərəncamına əsasən isə hər il dekabrın 16-sı ölkəmizdə FHN işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
Fəaliyyət göstərdiyi 17 il ərzində nazirlik baş verə biləcək fövqəladə hadisələrin vaxtında aşkarlanması, qarşısının alınması və nəticələrinin aradan qaldırılması, fövqəladə hallar sahəsində etibarlı şəbəkənin yaradılması, mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen hallardan, mümkün terror hadisələrindən qorunması, yanğın və su hövzələrində, sənayedə, dağ-mədən işlərində, tikintidə və digər sahələrdə əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirərək genişmiqyaslı tədbirlər həyata keçirib.
Prezident İlham Əliyevin FHN-in yaradılması, bir sıra mühüm mühafizə və xilasetmə qurumlarının onun tərkibinə verilməsi, nazirliyin şəxsi heyətinin sosial vəziyyətinin, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncamları, tapşırıq və tövsiyələri, eləcə də dövlətimizin başçısının FHN-in fəaliyyəti ilə bağlı bir sıra tədbirlərdə iştirakı bu sahəyə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir. Ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı nəticəsində FHN maddi-texniki cəhətdən hərtərəfli şəkildə təmin edilib və qarşısına qoyulmuş məsuliyyətli vəzifələrin öhdəsindən uğurla gəlmək iqtidarında olan mobil bir quruma çevrilib.

Nazirliyin bütün qurumlarının texnika parkı dünyanın
ən müasir maşın və mexanizmləri ilə təchiz olunub
Nazirliyin bütün qurumlarının texnika parkı dünyada mövcud ən müasir müxtəlif təyinatlı maşın və mexanizmlərlə zənginləşdirilib. FHN-in informasiya texnologiyaları infrastrukturunun yaradılması və inkişaf etdirilməsi, elektron xidmətlərin təşkili, eləcə də respublika ərazisində baş vermiş təbii-texnogen hadisələrin statistikasının aparılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və 112 – qaynar telefon xətti yaradılıb.

Artıq müasir yanğınsöndürmə, qəza-xilasetmə maşınlarının, fövqəladə hallarda hadisə yerində böhranları idarə etmək üçün ən müasir rabitə sistemləri ilə təchiz olunmuş və nazirliyin qurumları ilə videokonfrans yaratmaq gücünə malik mobil qərargah – avtobusun, radiosistemli avtomobillərin, motosikletlərin, mina və hərbi sursatların aşkarlanaraq zərərsizləşdirilməsi sistemlərinin, dənizdə xilasetmə əməliyyatları üçün katerlərin, xilasedici qayıqların, axtarış gəmilərinin, yanğınsöndürmə və digər xilasetmə funksiyalarını həyata keçirən “Be-200 ÇS” amfibiya-təyyarənin, helikopterlərin, tikintilərin texniki təhlükəsizlik normalarına uyğun aparılmasına nəzarət üçün səyyar laboratoriyaların, fövqəladə hadisə baş vermiş ərazidə zərərçəkənlərə tibbi yardım göstərmək üçün mobil hospitalların, yüzlərlə müxtəlif təyinatlı digər xüsusi texniki avadanlıqların imkanlarından gündəlik iş prosesində bacarıqla istifadə edilir.
FHN-in əməkdaşlarının peşə hazırlığının artırılması məqsədilə bir sıra ölkələrin müvafiq ali təhsil ocaqları ilə bağlanan müqavilələr əsasında nazirliyin işçiləri həmin təhsil müəssisələrində biliklərə yiyələnirlər. Bununla yanaşı, Azərbaycan Prezidentinin imzaladığı müvafiq Sərəncamla 2008-ci ildə Fövqəladə Hallar Nazirliyinin zəruri maddi-texniki baza ilə təmin edilmiş Akademiyası yaradılıb.
FHN yarandığı ilk gündən beynəlxalq əməkdaşlığı və tərəfdaşlığı fəaliyyətinin əsas prinsiplərindən biri kimi müəyyənləşdirib. O, xarici ölkələrin aidiyyəti dövlət qurumları və nüfuzlu beynəlxalq təşkilatları ilə qarşılıqlı əlaqələri inkişaf etdirib. Qısa müddətdə Rusiya, Türkiyə, Fransa, Belarus, Koreya, Almaniya, Rumıniya və digər ölkələrlə əlaqələr möhkəmlənib, beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq qurulub. Bununla yanaşı, ötən müddətdə FHN Müdafiə, Daxili İşlər, Səhiyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, habelə digər dövlət qurumları ilə birgə təlimlər təşkil edib.
Fövqəladə Hallar Nazirliyi ölkə əhalisinin həyat fəaliyyətinin, ərazilərin, dövlət əmlakının və fərdi mülkiyyətin təhlükəsizliyinin təmin olunması sahəsində fəaliyyətini uğurla davam etdirir. Ötən 17 ildə nazirlik fövqəladə hallarla mübarizə sahəsində etibarlı şəbəkənin yaradılması, mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen hallardan qorunması, yanğından mühafizə və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı mühüm işlər görüb.
Nazirliyin əməkdaşları çətin sınaqlarda dəfələrlə peşəkarlıqlarını və cəsarətlərini ortaya qoyublar. Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və ev sahibliyi ilə ötən illərdə bir sıra regional və beynəlxalq əhəmiyyətli tədbirlər, o cümlədən idman yarışları keçirilib. Prezident İlham Əliyevin yürütdüyü humanist siyasətə uyğun olaraq, FHN ötən dövrlərdə müxtəlif ölkələrdə baş vermiş fəlakətlərin nəticələrinin aradan qaldırılması, xilasetmə və humanitar yardımların çatdırılması əməliyyatlarını uğurla yerinə yetirib. Ötən illərdə yaşayış, sənaye və ictimai-iaşə obyektlərində, o cümlədən iri ticarət mərkəzlərində, meşə və açıq sahələrdə baş vermiş yanğınlar, sel və daşqınlar, uçqun, dağıntı, sürüşmə hadisələri, zəlzələlər və digər fövqəladə hadisələr zamanı operativ və səmərəli müdaxilə tədbirləri ilə nazirliyin qəza-xilasetmə qurumları peşəkarlıqlarını nümayiş etdiriblər.

Vətən müharibəsində FHN yaşayış məntəqələrimizin
yanğından mühafizəsində və xilasetmə işlərində rəşadət göstəriblər
Vətən müharibəsi dövründə FHN-in bütün strukturları Prezident, Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək Qələbənin qazanılmasına töhfələrini veriblər. Nazirliyin qüvvələri düşmən tərəfindən ağır artilleriya qurğularından və raketlərdən atəşə məruz qalan yaşayış məntəqələrinin yanğından mühafizəsində və xilasetmə işlərində rəşadət göstəriblər.

Beynəlxalq əməkdaşlığını da durmadan genişləndirən FHN Azərbaycan Prezidentinin tapşırığı ilə bir neçə ölkəyə humanitar yardımlar çatdırıb. Bundan başqa, FHN-in xilasetmə dəstələri İsraildə, Gürcüstanda və Türkiyədə meşə yanğınlarının söndürülməsində fəal iştirak ediblər. Nazirliyin şəxsi heyətinin peşəkarlığının və digər ölkələrdə baş verən fövqəladə hadisələrin qarşısının alınmasında göstərdiyi yüksək çeviklik və fədakarlığın ən bariz nümunəsi ötən ilin yayında qardaş Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi oldu. Qardaş ölkədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyasa yayılmasının qarşısının alması məqsədilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyəyə yola salınan FHN-in 743 əməkdaşı fədakarlıqları ilə əsl qardaşlıq örnəyi nümayiş etdirib. FHN-in yanğın-xilasetmə qüvvələrinin bu fədakarlığını yüksək qiymətləndirən Prezident İlham Əliyev ötən il avqustun 31-də nazirliyin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Türkiyədə meşə yanğınlarının söndürülməsində və fəlakət zonasında zəruri axtarış-xilasetmə əməliyyatlarının yerinə yetirilməsində fərqləndiklərinə görə FHN-in 90 əməkdaşı təltif olunub.
FHN, həmçinin ötən ilin yay aylarında Qəbələ, İsmayıllı, Oğuz və Yardımlı rayonlarında, bu il isə müxtəlif bölgələrimizdə baş vermiş yanğınların söndürülməsində də böyük fədakarlıq göstəriblər.
Azərbaycan Prezidenti İlham Əliyev FHN-in maddi-texniki bazasının gücləndirilməsi, ən müasir texnika, avadanlıq və mexanizmlərlə təchiz olunmasına xüsusi diqqət və qayğı göstərir. Bu il dekabrın 9-da dövlətimizin başçısı Fövqəladə Hallar Nazirliyi tərəfindən alınmış və işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikalar ilə tanış olub. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə yanğından mühafizə üçün FHN tərəfindən “KamAZ” və “İveco” markalı olmaqla 150 yanğınsöndürən avtomobil alınıb. “İveco” markalı avtomobillərdən 9-u artıq idxal olunub, 41-nin idxalı isə 2023-cü ilin birinci rübündə nəzərdə tutulur. “KamAZ” və “İveco” markalı avtomobillərdən xüsusilə yanğın yerinə şəxsi heyətin, yanğın texniki və xilasedici avadanlıqların, suyun və köpükəmələgətirən maddələrin daşınması, yanğın yerinin fasiləsiz odsöndürücü maddələrlə təmin edilməsi, çoxmərtəbəli binalardan insanların təxliyəsi və əşyaların çıxarılması, xilasedici və yanğınsöndürənlərin yuxarı mərtəbələrə qaldırılması, lafet lüləsi vasitəsilə yüksəklikdə yanğınların söndürülməsi işlərinin görülməsi üçün istifadə olunacaq. Müxtəlif texnogen, təbii qəzalar və yol-nəqliyyat hadisələri zamanı xüsusi xilasetmə işlərinin aparılması, işğaldan azad edilmiş ərazilərdə yüklərin və köməkçi materialların daşınması üçün FHN tərəfindən “Nissan Patrol” markalı 5, “Lada Niva Travel” markalı 11 və “QAZEL” markalı 6 avtomobil alınıb.
Qeyd edək ki, FHN-in qüvvə və vasitələri ilk günlərdən işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə işlərinə fəal şəkildə cəlb edilib. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin istehkam qrupları 2021-ci ilin yanvarından Ağdam və Füzulidə minatəmizləmə əməliyyatları aparır. Minaaxtarma işlərinin keyfiyyətinin yüksəldilməsi və sürətləndirilməsi məqsədilə dislokasiya məntəqəsi Bərdədə olmaqla nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin ən müasir texnika və avadanlıqlarla komplektləşdirilən “N” saylı hərbi hissəsi yaradılıb. Bundan başqa nazirlik tərəfindən alınan “GCS (Global Clearance Solutions) – 200” markalı kənardan idarəedilən, müasir minatəmizləyən dörd robot işğaldan azad olunmuş rayonlarda piyada və tank əleyhinə minalarla çirklənmiş ərazilərin təmizlənməsi işlərində istifadə olunacaq.
FHN-in əməkdaşları builki peşə bayramlarını xüsusi əhval-ruhiyyədə qeyd edirlər. Belə ki, ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla nazirliyin 27 nəfər təltif edilib.
FHN-in fədakarlıq və peşəkarlıq örnəkləri qurumun şəxsi heyətinin ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələri daha yüksək keyfiyyətlə, operativ və sədaqətlə yerinə yetirməyə hər an hazır və qadir olduğunu deməyə əsas verir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts