“Bəşəriyyətə şölə saçan teatr günəşi” adlı kitabın təqdimatı olub

Tokio, 8 aprel , /AJMEDIA/

Aprelin 7-də Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan peşəkar milli teatrının 150 illiyi çərçivəsində yazıçı-publisist Reyhan Mirzəzadənin A.N.Ostrovskinin 200 illik yubileyinə həsr etdiyi “Bəşəriyyətə şölə saçan teatr günəşi” adlı kitabın təqdimatı keçirilib. Tədbir Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası tərəfindən təşkil olunub.
AJMEDIA xəbər verir ki, əvvəlcə Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 illiyindən bəhs edib.
Bildirib ki, Azərbaycan teatrı həmişə fəal mövqeyi ilə seçilərək ictimai fikrin ön sıralarında dayanıb və cəmiyyətin mədəni tərəqqisinə, milli şüurun inkişafına əhəmiyyətli təsir göstərib. O, eyni zamanda Ulu Öndərin və Prezident İlham Əliyevin teatrlara göstərdiyi diqqət və qayğıdan söhbət açıb.
L.Məmmədova eləcə də yazıçı-publisist Reyhan Mirzəzadənin A.N.Ostrovskinin 200 illik yubileyinə həsr etdiyi “Bəşəriyyətə şölə saçan teatr günəşi” adlı kitabı haqqında danışıb. Qeyd edib ki, A.N.Ostrovski rus ədəbiyyatında bütün həyatını dramaturgiyaya həsr edən yeganə yazıçıdır və o, rus milli realist teatrının, dramaturgiyasının yaradıcılarından biridir.
“Bəşəriyyətə şölə saçan teatr günəşi” kitabının redaktoru, yazıçı-publisist Zöhrə Əsgərova Reyhan Mirzəzadənin bir çox kitabların müəllifi olduğunu qeyd edib. O bildirib ki, R.Mirzəzadə rus ədəbiyyatının qüdrətli sənətkarları A.S.Puşkin, M.Y.Lermontov, İ.A.Krilov, N.V.Qoqol, V.A.Jukovski, N.A.Nekrasov, İ.S.Turgenev, F.M.Dostoyevski, L.N.Tolstoy, N.Q.Çernişevski, A.P.Çexov, M.Qorki, V.V.Mayakovski, A.Axmatova və s. yazarların yaradıcılığını, fəlsəfi baxışlarını, vətəndaş mövqelərini dərindən öyrənərək oxuculara təqdim edib.
Kitabın müəllifi, yazıçı-publisist Reyhan Mirzəzadə A.N.Ostrovskinin dramlarında XIX əsrin ictimai-siyasi mənzərəsi, cəmiyyətin daxilində ziddiyyətlər və məişət problemlərinin qabarıq təsvir edilməsindən danışaraq, bu kitabın rus teatrının çətin, mübarizəli yollarından bəhs etdiyini bildirib: “A.N.Ostrovski təkcə dramaturgiya ilə məşğul olmayıb, eyni zamanda, Avropa müəlliflərinin bir çox əsərlərini də rus dilinə tərcümə edib. Rus ədəbiyyatı, mədəniyyəti və teatr sənəti tarixinə qüdrətli söz ustadı, yüksək bəşəri ideyaların carçısı kimi daxil olan A.N.Ostrovskinin həyatı və zəngin yaradıcılığı həm öz xalqına, həm də bəşəriyyətə sədaqətlə xidmətin əvəzolunmaz nümunəsidir”.
R.Mirzəzadə dramaturqun yaradıcılığının bütün ruhu, zehni, qəlbi, mənəviyyatı ilə rus xalqının həyatına bağlı olduğunu vurğulayaraq, A.N.Ostrovskinin bütün ömrü,
yaradıcılığı boyu yanar ürəklə bərabər, yanar zəkanı da tərənnüm etdiyini, onun zəngin məfkurəsi, qiymətli irsi ilə bəşəriyyətin qəlbinə köçdüyünü qeyd edib.
Müəllif eyni zamanda dramaturqun Bakı səfərindən də tədbir iştirakçılarına məlumat verib.
Daha sonra tədbirdə iştirak edən Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupunun üzvü Aydın Mirzəzadə, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktrisası, Xalq artisti Natalya Şarovskaya, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Nofəl Vəliyev, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru Sevinc Mikayılova, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının truppa müdiri Ələsgər Muradxanlı, Rusiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Pavel Kuznetsov, Azərbaycan Dövlət Akademik Dram Teatrının ədəbi dram hissə rəhbəri Çingiz Ələsgərli, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rejissoru İradə Gözəlova çıxış edərək müəllifi bu kitabın ərsəyə gəlməsi münasibətilə təbrik ediblər, xoş arzularını bildiriblər.
Sonra A.N.Ostrovskiyə aid videoçarxlar nümayiş olunub.
Bədii hissədə aktrisa Natalya Şarovskaya tərəfindən A.N.Ostrovskinin “Krasaves mujçina” əsərindən Zoyanın monoloqu və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi tərəfindən “Tufan” əsərindən monoloq təqdim olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts