Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünü böyük uğurlarla qarşılayır

Tokio, 18 Oktyabr, /AJMEDIA/

Cari il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin otuzuncu ildönümü tamam olur.

Azərbaycanın dövlət müstəqilliyi dünyanın müxtəlif ölkələrində yaşayan hər bir azərbaycanlı soydaşımız üçün böyük sərvətdir, qürur mənbəyidir.
1918-ci ildə Şərqdə ilk dünyəvi demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması böyük tarixi hadisə idi. Bu respublika cəmi 23 ay yaşasa da, Şərqdə ilk müstəqil, demokratik və dünyəvi müsəlman dövlətinin yaradılması mühüm tarixi nailiyyət kimi yüksək dəyərləndirilir.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanda sovet dövrü başlandı. Azərbaycan keçmiş Sovet İttifaqının tərkibində müttəfiq respublika olsa da, ötən əsrin 70-ci illərindən başlayaraq görkəmli dövlət xadimi Heydər Əliyevin həyata keçirdiyi genişmiqyaslı proqramlar müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə şərait yaratdı. Gələcək müstəqilliyimizin təmin olunması üçün zəmin hazırldı.

Sovet İttifaqının süqutu bütün müttəfiq respublikalar kimi Azərbaycana da müstəqillik əldə etmək hüququ verdi. Azərbaycan 1991-ci il oktyabrın 18-də qəbul etdiyi “Azərbaycan Respublikasının müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan etdi, öz dövlət müstəqilliyini beynəlxalq aləmə çatdırdı.

Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, himni və dövlət gerbi dövlət atributları kimi qəbul edildi və onun yarandığı 28 may Respublika Günü kimi qeyd olunmağa başlandı.

Azərbaycanın dövlət müstəqilliyi qısa müddət ərzində dünya birliyi ölkələri və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanındı, o beynəlxalq hüququn sübyektinə çevrildi. Lakin müstəqilliyin ilk illərindən ölkədə baş qaldıran anarxiya, xaos, Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddiaları nəticəsində başlamış müharibə Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq aləmdə öz mövqelərini möhkəmləndirməsinə təhlükə yaradırdı.

1993-cü ildə Azərbaycan xalqı Heydər Əliyevə müraciət edərək xalqın yaranmış ağır vəziyyətdən xilas olunması üçün onu siyasi hakimiyyətə dəvət edir. Xalqın təkidli xahişlərindən sonra Heydər Əliyev Bakıya gəlir və ölkəni məhv olmaq təhlükəsindən xilas etmək üçün çox böyük səylər göstərir. Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi, dünya azərbaycanlılarının birliyinin yaradılması müdrik şəxsiyyət Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindəndir.

Azərbaycanın mürəkkəb və taleyüklü tarixi dövründə dövlətə rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürmüş Heydər Əliyevin müstəqil dövlət təlimi və onun ayrılmaz tərkib hissəsi olan azərbaycançılıq ideologiyasının həyata keçirilməsi müstəqil dövlətimizin bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir.

Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin davamlı və əbədi olması üçün bir-birinin ardınca tarixi əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail oldu. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın neft strategiyasının reallaşması üçün geniş imkanlar açdı və Xəzər hövzəsində irimiqyaslı layihələrin uğurla həyata keçirilməsini təmin etdi.

1995-ci ildə Konstitusiyanın qəbul edilməsi ilə ölkədə dövlət quruculuğu üçün zəruri hüquqi baza formalaşdı. Bu illər ərzində Azərbaycanda bütün istiqamətlərdə dövlət quruculuğu prosesi uğurla həyata keçirilib, dövlətçilik ənənələri zənginləşdirilib.

Bu gün Prezident İlham Əliyevin Azərbaycanın dünya birliyinə inteqrasiyası istiqamətində həyata keçirdiyi tədbirlər beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Bir-birinin ardınca reallaşdırılan böyük iqtisadi layihələr, böyük qalibiyyətlə nəticələn Vətən müharibəsi Azərbaycanı təkcə regionda deyil, dünya miqyasında nüfuzlu dövlətə çevirib. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, TAP layihəsinin reallaşması, Bakı-Tbilisi-Qars dəmir yolunun, Bakı Dəniz Ticarət Limanının tikintisi və digər iri infırastruktur layihələri Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası yolunda həlledici amil olub.

Azərbaycanda bu gün siyasi sabitlik mövcuddur. Həyata keçirilmiş uğurlu sosial-iqtisadi islahatlar nəticəsində xarici sərmayəçilər üçün əlverişli şərait yaradılıb. Müstəqilliyin bərpasından cəmi 30 il ötməsinə baxmayaraq, ölkəmiz etibarlı tərəfdaş kimi dünyada sabit imic qazanıb. Bu gün dünyada mövcud olan ən mütərəqqi təcrübələr Azərbaycanda geniş tətbiq olunur. Ölkədə geniş modernləşmə və sürətli inkişaf siyasəti aparılır.
Azərbaycanda siyasi və iqtisadi islahatlar bir-birini tamamlayır. Məqsəd, bu islahatların dərinləşməsi nəticəsində güclü, müasir dövlətin yaradılmasıdır. Azərbaycan bu istiqamətdə çox böyük nailiyyətlərə çata bilib.

Azərbaycanda, eyni zamanda, güclü iqtisadi potensial yaradılıb. Son illər ərzində aparılan social-iqtisadi islahatlar nəticəsində ölkə tam şəkildə özünü təmin edə bilir.

Azərbaycanın müstəqilliyinin bərpasının ötən otuz ilindəki ən böyük uğurlardan biri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasını xüsusi qeyd etmək lazımdır. Ötən ilin sentyabrında Ermənistan ordusunun təmas xəttində törətdiyi növbəti təxribatlar, dinc sakinlərə və Azərbaycan hərbçilərinə hücumları ölkə rəhbərliyinin və xalqımızın səbir kasasını daşırdı. Azərbaycan rəhbərliyi beynəlxalq qurumların qəbul etdiyi qərar və qətnamələrə əsaslanaraq, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün hərbi əməliyyatlara başladı. Azərbaycan Ordusunun nümayiş etdirdiyi vətənpərvərlik, qəhrəmanlıq, mübarizlik və yüksək peşəkarlıq nəticəsində işğal altında olan torpaqlar 44 gün ərzində azad edildi. Düşmən bu torpaqlardan qovuldu. Düşmən tərəfindən vəhşicəsinə talan edilən həmin ərazilərin, buradakı yaşayış məntəqələrinin bərpası bu gün böyük sürətlə aparılır. Müasir infrastruktura malik yeni şəhərlərin, kəndlərin təməli qoyulur. Aparılan nəhəng quruculuq işləri tezliklə böyük qayıdışın başlanacağını deməyə əsas verir.

Otuz illik inkişaf yolumuzun ən parlaq nəticələrindən biri də ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, artıq tam müstəqil ölkədir. Ölkəmizdə gerçəkləşdirilən siyasət daim Azərbaycan xalqının maraqlarına xidmət göstərir.

Azərbaycanda çox böyük quruculuq işləri aparılır, ölkəyə xarici və daxili investisiyalar cəlb edilir. Azərbaycan iqtisadiyyatına 1995-2019-cu illər ərzində qoyulan 149 milyard dollar həcmində xarici investisiya ilə yanaşı daxili imkanların da cəlb edilməsi ölkəmizi regionun lider dövlətinə çevirib. Aparılan islahatlar nəticəsində ən ağır, ən böhranlı illərdə iqtisadi və makroiqtisadi sabitlik qorunub. Bundan əlavə, insanların maddi rifahı artıb, sosial proqramlar icra edilib, sosial ödəmələr, maaşlar, pensiyalar artırılıb.

Bu gün Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini təşkil edir. Bu isə bölgədə gedən proseslərə Azərbaycanın təsir imkanlarını artırır.

Zəngin karbohidrogen ehtiyatlarına malik bir ölkə olaraq, Azərbaycan qlobal enerji siyasətinin formalaşmasında və əhəmiyyətli enerji layihələrinin ölkəmizin ərazisindən keçməklə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Eyni zamanda Azərbaycan tarixi İpək Yolu üzərində yerləşməklə, Şimal və Cənubu, Qərb və Şərqi birləşdirən mühüm tranzit dövlətidir.
Azərbaycan həm də əlverişli turizm məkanına malikdir, turizmin əksər növləri ilə məşğul olmaq üçün ölkəmizdə münasib şərait yaradılıb.

Qarabağın işğaldan azad edilməsi, bu ərazidə aparılan quruculuq işləri Azərbaycanın turizm potensialını daha da artıracaq. Bu sahədə həyata keçirilən bir sıra iri layihələr həmin ərazidə dünya standartlarına cavab verən mehmanxanaların inşasına, digər zəruri infrastrukturun yaradılmasına şərait yaradacaq. Bu xüsusda yapon turistlərini Azərbaycana səfərə və ölkəmizi daha yaxından tanımağa dəvət edirik.

Məmnuniyyət hissi ilə qeyd etməliyik ki, Azərbaycan-Yaponiya münasibətləri daim qarşılıqlı hörmətə əsaslanıb, ikitərəfli əlaqələr yüksələn xətlə inkişaf edib. Xüsusən Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ildə Yaponiyaya rəsmi səfərindən sonra iki ölkənin əməkdaşlığında yeni səhifə açılıb.

Vurğulamaq lazımdır ki, Azərbaycan xalqı daim yapon xalqı ilə həmrəydir. Martın 11-də Yaponiyada baş vermiş təbii fəlakət və onun səbəb olduğu çoxminli insan tələfatı Azərbaycanda da kədərlə qarşılanmış, bu ağır gündə yapon xalqına dəstək göstərilməsi məqsədi ilə 1 milyon ABŞ dolları məbləğində maddi yardım ayrılmışdır.

Azərbaycan iyirmi illik müstəqillik dövründə təkcə regionda deyil, dünya miqyasında böyük uğurlara imza atmışdır. Bu gün Azərbaycan sözün əsil mənasında artıq tam müstəqil dövlətdir. Bu illər ərzində ölkəmizdə gerçəkləşdirilən siyasət daim Azərbaycan xalqının maraqlarına xidmət edir.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının otuzuncu ildönümü hər bir azərbaycanlı üçün ən böyük bayramdır. Respublikamızın müstəqilliyi bütün Azərbaycan xalqının milli-mənəvi sərvətidir. Müstəqilliyimizin bərpasının otuzuncu idönümünün dünya miqyaslı töhfələrlə qarşılanması bunu birbaşa təsdiq edir.

Vüqar AĞAYEV
AZƏRTAC-ın Yaponiya üzrə xüsusi nümayəndəsi

Follow us on social

Facebook Twitter Youtube

Related Posts