Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 105-ci ildönümü Çində qeyd olunub

Tokio, 27 iyun , /AJMEDIA/

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 105-ci ildönümü münasibətilə ölkəmizin Pekindəki səfirliyində mərasim keçirilib.
AJMEDIA xəbər verir ki, Çin Silahlı Qüvvələrinin yüksəkvəzifəli şəxslərinin, 70-dək ölkənin Pekindəki hərbi attaşelərinin iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycanın və Çinin Dövlət himnləri səslənib.
Ölkəmizin Çindəki səfiri Əkrəm Zeynallı 1918-ci ildə qurulan müsəlman Şərqinin ilk dünyəvi dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu qısa dövrdə əldə etdiyi ən böyük nailiyyətlərdən birinin məhz ordunun qurulması olduğunu deyib. O, Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra bir çox çətinliklərlə yanaşı, qonşu Ermənistanın hərbi təcavüzünə məruz qaldığını, ərazisinin bir hissəsinin işğal edildiyini, belə bir vəziyyətdə Ümummilli Lider Heydər Əliyevin peşəkar ordu quruculuğuna başladığını diqqətə çatdırıb. Vurğulanıb ki, Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Silahlı Qüvvələri hazırda dünyanın ən güclü 50 ordusu sırasındadır.
Milli ordunun yaradılmasının tarixi əhəmiyyətinə toxunan Silahlı Qüvvələrimizin Çindəki hərbi attaşesi Elçin Zeynallı bildirib ki, 1918-ci il iyunun 26-da Xalq Cümhuriyyəti hökuməti ilk milli diviziyanı yaratmaqla müstəqil Azərbaycanın ordu quruculuğunda ilk addımını atdı. Artıq üçüncü ildir Azərbaycan xalqının Silahlı Qüvvələr Gününü böyük qürur hissi ilə qeyd etdiyini bildirən E.Zeynallı diqqətə çatdırıb ki, 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində ərazilərimizin 30 illik işğalına son qoyulub, ölkəmizin ərazi bütövlüyü təmin olunub, bir milyona yaxın azərbaycanlının fundamental hüquqları bərpa edilib.
Hərbi attaşe Azərbaycan ilə Çin arasında müdafiə, o cümlədən hərbi təhsil sahəsində əməkdaşlıqdan söz açıb, habelə hərbçilərimizin dünyanın müxtəlif yerlərində sülhyaratma prosesinə verdiyi töhfələrdən danışıb.
Sonda Azərbaycan Silahlı Qüvvələrinə həsr olunan film nümayiş etdirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts