Azərbaycan-NATO əməkdaşlığı müsbət qiymətləndirilə bilər

Tokio, 24 mart , /AJMEDIA/

Cari ilin 17 mart tarixində NATO-nun Baş katibi Yens Stoltenberqin ölkəmizə rəsmi səfəri zamanı müzakirə olunan məsələlərin aktuallığı və genişliyi deməyə əsas verir ki, təşkilat özü də Azərbaycanla əlaqələrin genişləndirilməsində və tərəqqisində son dərəcə maraqlıdır.

Cənab İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşü zamanı mətbuata verdiyi bəyanatda bildirmişdir ki, “Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var. Tərəfdaşlığımız müsbət olmuşdur.

Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bu, bizim üçün böyük təcrübə olub.

2021-ci il avqustun axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir. Silahlı Qüvvələrimizdə aparılan islahatlar yaxşı nəticələr vermişdir. Biz müdafiə imkanlarımızı müasirləşdiririk və bu gün yüksək səviyyəli peşəkarlıq nümayiş etdiririk”.

Qeyd etmək lazımdır ki, Azərbaycan silahlı qüvvələrinin məhdud kontingenti ilə NATO-nun rəhbərliyi ilə müxtəlif ölkələrdə keçirilən sülhməramlı və sülhə dəstək əməliyyatlarında təmsil olunmaqla tək iqtisadi deyil, eyni zamanda hərbi sahədə də etibarlı tərəfdaş olduğunu sübut edib. Azərbaycan silahlı qüvvələri 1999-2008-ci illərdə NATO-nun rəhbərliyi ilə Kosovoda keçirilən sülhməramlı və sülhə dəstək əməliyyatlarında, 2003-cü ildən 2008-ci ilədək İraqın Beynəlxalq Koalisiya Qüvvələri daxilində sülhməramlı missiyada və 2002-ci ildən 2021-ci ilə qədər Əfqanıstanda keçirilən sülhməramlı əməliyyatlarda iştirak edib. Missiyanın aparıldığı zaman Azərbaycan hərbçiləri olduqları ölkələrdə hava limanı, televiziya qülləsi, sursat anbarı kimi mühüm strateji obyektlərin mühafizəsini uğurla həyata keçiriblər. 30 ildən artıq davam edən Azərbaycan-NATO əməkdaşlığını birmənalı olaraq müsbət qiymətləndirə bilərik.

Cənab İlham Əliyev çıxış edərək bildirmişdir ki, “Hazırda isə biz Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik.

Mənim Brüsselə sonuncu səfərim zamanı mətbuat konfransında bu məsələyə toxundum və qeyd etdim ki, Azərbaycan belə bir təşəbbüs irəli sürüb və biz Ermənistanın cavabını gözləyirik. Sülh danışıqlarına başlamağın bizim təşəbbüsümüz olduğunu bir daha bildirmək istərdim. Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub. Xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir. Bu yaxınlarda qeyd etdiyim kimi, biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq. Təəssüflər olsun ki, işğal dövründə danışıqlar heç bir nəticə vermədi, 28 il ərzində ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticəsi olmadı. Bu gün isə hesab edirəm və ümidvaram ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası nəticəsində bu mövzuda nəhayət nəticə əldə ediləcək.

Zənnimcə, bu, Cənubi Qafqazda çox ciddi dəyişiklik olacaq. Bu isə o deməkdir ki, burada çoxdandır gözlənilən sülh bərqərar olacaq”.

Azərbaycan-NATO münasibətlərinin effektivliyi, işgüzar əlaqələrin tərəflərə qazandırdığı təcrübələrin əhəmiyyəti bütün dünyada, eləcə də regionda sülhə, sabitliyə, faydalı çağırışlara sadiq olan ölkəmizin bütün səylərinin yeni müharibə risklərinin minimuma endirilməsinə hesablandığını və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin ən etibarlı yolu isə kommunikasiyaların bərpası, dünya siyasətinə və tərəflərin maraqlarına uyğun danışıqların davam etdirilməsi, tərəfsiz, sağlam düşüncəyə xidmət edən qonşuluq siyasətinə sadiq olmaqdır. Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin bağlanması üçün əsas amillərdən biri sərhədlərin demarkasiyası və hər iki tərəfin ərazilərini birləşdirən regional nəqliyyat dəhlizlərinin yaradılmasıdır

Follow us on social

Facebook Twitter Youtube

Related Posts