Azərbaycan mediası cəmiyyətin güzgüsü funksiyasını müvəffəqiyyətlə yerinə yetirir

Tokio, 22 iyul , /AJMEDIA/

Mətbuat hər bir cəmiyyətin aynası, ictimai şüurun, mənəviyyatın inikasıdır. Bu baxımdan Azərbaycan milli mətbuatı tarixinin ilk səhifələrindən bu günədək həm də milli-mənəvi dəyərlərimizin daşıyıcısı, fəal təbliğatçısı və qoruyucusu kimi məsul bir missiyanı yerinə yetirir. Ümummilli Lider Heydər Əliyevin sözləri ilə desək, “Azərbaycan mətbuatı xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini vermiş, onun müstəqillik amalının güclənməsində, mənəvi dəyərlərinin tərəqqisində, milli şüurun, mədəniyyətin formalaşmasında böyük rol oynamışdır”. Bu il Azərbaycan milli mətbuatının yaranmasının 148-ci ili qeyd olunur. Azərbaycan jurnalistikası ötən 148 il ərzində müxtəlif dövrlərdə ağır sınaqlara məruz qalsa da, tutduğu şərəfli yoldan əsla dönməyib.
Bunu AJMEDIA-ya açıqlamasında AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanova söyləyib. O bildirib ki, böyük mütəfəkkir Həsən bəy Zərdabinin 1875-ci il iyulun 22-də təsis etdiyi və redaktoru olduğu, ölkəmizdə anadilli ilk mətbu orqan hesab olunan “Əkinçi” qəzeti Azərbaycan xalqının milli kimliyinin və tarixi dəyərlərinin, eyni zamanda, dilimizin qorunub saxlanılmasında böyük rol oynayıb. Mürəkkəb bir tarixi dövrdə fəaliyyətə başladığı gündən mübarizə dolu yol keçən “Əkinçi” xalqı maarifləndirmək, insanlara ana dilində qəzet oxumağı aşılamaq kimi nəcib missiyaları üzərinə götürüb, özündən sonra bir sıra milli mətbu nümunələrin nəşrinə səbəb olub.
Azərbaycan mətbuatının ilk müjdəçisi “Əkinçi”dən sonra bu sahədə xeyli irəliləyiş müşahidə edilib. XIX əsrin sonlarında “Ziya” (1879), “Kəşkül” (1880), “Kaspi” (80-90-cı illər) qəzetləri nəşr edilib. XX əsrin əvvəllərində isə C.Məmmədquluzadə, M.Şahtaxtinski, S.Hüseyn, Ö.Faiq Nemanzadə, Ü.Hacıbəyli və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparıblar. Bu gərgin mübarizə nəticəsində “Molla Nəsrəddin” (1906), “Şərqi-rus” (1903), “Həyat” (1905), “Açıq söz” (1915), “Azərbaycan” (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxıb.
Azərbaycan mətbuatının bugünkü inkişaf səviyyəsinə çatmasında, fəaliyyətinin təkmilləşdirilməsində Ulu Öndərin müstəsna xidmətləri olub. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoyub, ölkəmizdə mətbu nəşrlərin sərbəst fəaliyyəti, jurnalistlərin öz fikirlərini azad şəkildə ifadə etmələri üçün geniş imkanlar yaradılıb. KİV-lərin cəmiyyətdə rolunu hər zaman yüksək qiymətləndirən Ümummilli Liderin “Mən istəyirəm ki, jurnalistlərlə bizim dostluğumuz daimi olsun. Bilin, mən jurnalistləri həmişə sevmişəm”, – fikirləri də Ulu Öndərin hər zaman Azərbaycanda mətbuatın inkişafına, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə böyük önəm verdiyini bir daha sübut edir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsində “Məlumat azadlığı”nın təsbit olunması jurnalistikanın inkişafına güclü təkan verən hadisə oldu.
Qeyd edilib ki, Ulu Öndərin 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” Qanunu təsdiqləməsi ölkəmizdə yeni mətbuat orqanlarının təsis olunması prosesini xeyli asanlaşdırıb. “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı” təsdiq olunub, vətəndaş müraciətlərinə baxılması, informasiyaların mühafizəsi, informasiya azadlığı, radio-televiziya yayımları haqqında müxtəlif qərar və qanunlar qəbul edilməklə KİV-lərin fəaliyyətinin genişləndirilməsi və inkişafı təmin edilib. Əsası Ümummilli Lider tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır, bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir. Qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətdə ictimai fikri və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Azərbaycan hökuməti mətbuatın azad inkişafına diqqət yetirərək, KİV-lərin fəaliyyətinin genişlənməsinə və peşəkarlıq səviyyəsinin yüksəldilməsinə şərait yaradır.
Azərbaycan milli mətbuatının 130, 135 və 145 illik yubileylərinin keçirilməsi ilə bağlı sərəncamların imzalanması, yubiley münasibətilə mətbuat işçilərinin təltif edilməsi, onlara fəxri adların verilməsi jurnalistika tariximizə, eləcə də KİV-ə və jurnalistlərə verilən yüksək dəyərin göstəricisidir.
Dövlətimizin başçısının “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yaradılıb. Agentlik medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislərin hazırlanması və onların əlavə təhsilinin təşkili, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərir. “Media haqqında” Azərbaycan Respublikasının Qanunu isə media islahatları sahəsində dövlətin müəyyən etdiyi yol xəritəsidir.
“AMEA rəhbərliyi də hər zaman mətbuatın inkişafına xüsusi önəm verir, ölkədə KİV-in fəaliyyətini diqqətdə saxlayır. Akademiyada yaradılmış İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi bu elmi qurumun fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı ictimai təşkilatlarla qarşılıqlı əməkdaşlıq və birgə fəaliyyəti həyata keçirir. Eyni zamanda, AMEA-nın və onun tabeliyində olan institutların ictimaiyyətlə əlaqələrinin təşkili, əlaqələndirilməsi, fəaliyyətinin KİV-də işıqlandırılması, AMEA tərəfindən görülmüş işlər barədə müvafiq məlumatların ictimaiyyətə çatdırılması və digər işləri həyata keçirir. Şöbənin tərkibində ölkənin ilk veb-saytı hesab olunan science.gov.az veb-portalı, “Elm qəzeti, “Elm və həyat” jurnalı, eləcə də “Elm TV” internet televiziyası fəaliyyət göstərir. Bu gün əminliklə deyə bilərik ki, hazırda özünün yüksəliş mərhələsini yaşayan, cəmiyyətin güzgüsü funksiyasını müvəffəqiyyətlə yerinə yetirən Azərbaycan mediası ölkədə ən sürətlə inkişaf edən, günü-gündən təkmilləşən fəaliyyət sahələrindən biridir. Ölkə mediası müasir informasiya cəmiyyəti quruculuğunda, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təbliğində, o cümlədən maarifləndirmə işlərinin aparılmasında mühüm rol oynayır. Milli Mətbuat Günü münasibətilə bu sahədə çalışan hər kəsi ürəkdən təbrik edir, peşə fəaliyyətində yaradıcılıq uğurları arzulayıram”,- deyə N.Qəhrəmanova fikrini yekunlaşdırıb

Follow us on social

Facebook Twitter Youtube

Related Posts