Azərbaycan İndoneziyada keçiriləcək R20 Dinlərarası Foruma dəvət olunub

Tokio, 15 sentyabr , /AJMEDIA/

Cari il noyabrın 2-3-də İndoneziyanın G20-yə sədrliyi çərçivəsində Balidə keçiriləcək R20 Dinlərarası Foruma Azərbaycan nümayəndə heyəti də dəvət edilib.
R20-nin Təşkilat Komitəsindən AJMEDIA-ya verilən məlumata görə, Foruma Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov dəvət olunublar.
Xatırladaq ki, cari ilin əvvəlində dünyanın ən böyük müsəlman təşkilatı Nahdlatul Ulaman ümumi əxlaqi və mənəvi dəyərlərə əsaslanan qaydalara uyğun olaraq beynəlxalq nizamı inkişaf etdirmək üçün İndoneziyanın G20-yə sədrliyi çərçivəsində R20 Dinlərarası Forumunu təsis edib. Qərargahı Səudiyyə Ərəbistanının Məkkə şəhərində yerləşən, bütün millətlər və sivilizasiyalar arasında dostluq əlaqələri qurmağa çalışan qeyri-hökumət təşkilatı “Müsəlman Dünya Liqası”nın Nahdlatul Ulama ilə birlikdə R20-yə ev sahibliyi edəcəyi bildirilir.
İndoneziya hökumətinin G20-nin əsas rəsmi tədbiri kimi tanıdığı R20-nin dünyanın hər yerindən toplaşacaq müxtəlif dini liderlərin dünyada baş verən proseslərlə bağlı öz narahatlıqlarını ifadə edə və ortaq sivilizasiya dəyərlərinə səs verə biləcəyi qlobal platforma rolunu təmin etməsi nəzərdə tutulur. Həmçinin İndoneziya Prezidenti Coko Vidodonun R20 Forumunun açılış sessiyasında çıxış edəcəyi planlaşdırılır.
Təşkilat Komitəsi R20 sammitindən sonra noyabrın 4-dən 6-dək İndoneziyanın Mərkəzi Yava əyalətində forumun davamı olaraq digər tədbirin də keçirilməsinin nəzərdə tutulduğunu, R20 iştirakçılarının bu tədbirdə də iştiraka dəvət edildiyini bildirib. Toplantı zamanı yüksək səviyyəli dini liderlər və alimlər İndoneziyanın zəngin mədəni irsi ilə tanış olmaq imkanı əldə edəcəklər.
Eyni zamanda, Balidə keçiriləcək G20 liderlərinin Zirvə toplantısından bir qədər əvvəl təşkil olunacaq R20 Dinlərarası Forumun nəzərdə tutduğu missiyasına nail olacağına ümid ifadə edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts