Azərbaycan ilə Türkiyə arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Tokio, 16 mart , /AJMEDIA/

Azərbaycan Prezidenti İlham Əliyev martın 15-də Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə iki dost ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə edib.
AJMEDIA xəbər verir ki, Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün məhz Türkiyədə keçirilməsi təşəbbüsünün Azərbaycan Prezidentinə aid olduğunu deyən Türkiyə dövlətinin başçısı bu təşəbbüsə görə təşəkkürünü bildirib.
Görüşdə Türk Dövlətləri Təşkilatının bu formatda keçirilən sammitlərinin əhəmiyyəti qeyd edilib, Zirvə görüşünün Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması mövzusuna həsr olunmasının önəmi vurğulanıb.
Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra ölkəmizin göstərdiyi qardaşlıq dəstəyini və həmrəyliyi bir daha minnətdarlıqla xatırladıb. Türkiyə Prezidenti Azərbaycandan olan xilasedicilərin və həkimlərin zəlzələ bölgəsində səylərini, həmçinin təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün ölkəmizin humanitar yardımlarını qeyd edib.
Zəlzələ ilə bağlı bir daha başsağlığını çatdıran Prezident İlham Əliyev təbii fəlakətin Azərbaycan xalqını dərindən sarsıtdığını deyib.
Görüşdə ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətlərinin bir millət, iki dövlət prinsipinə uyğun olaraq bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, siyasi, iqtisadi, ticarət, enerji, müdafiə, müdafiə sənayesi sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və regional məsələlər müzakirə olunub.
Həmçinin söhbət zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi barədə fikir mübadiləsi aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts