Azərbaycan ilə İndoneziya arasında ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub

Tokio, 22 iyun , /AJMEDIA/

Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyevin İndoneziyanın Vitse-prezidenti Maruf Amin ilə görüşündə ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.
AJMEDIA xəbər verir ki, görüş iyunun 21-də Vitse-prezidentin iqamətgahında keçirilib. Görüşdə Vətən müharibəsi dövründə istər İndoneziya hökumətinin və parlamentinin, istərsə də Üləma Məclisinin və İndoneziya xalqının ölkəmizə verdiyi dəstəkdən məmnunluq ifadə edilərək, buna görə qarşı tərəfə minnətdarlıq çatdırılıb. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə həyata keçirdiyi işlər və COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində irəli sürdüyü beynəlxalq əhəmiyyətli təşəbbüslər barədə geniş məlumat verilib.
Eyni zamanda, Azərbaycan ilə İndoneziya arasında münasibətlərin müxtəlif sahələrdə dinamik inkişafından bəhs olunaraq, ikitərəfli əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb. Ölkələrimiz arasında çoxtərəfli əməkdaşlığın uğurla inkişaf etməsindən, o cümlədən müxtəlif regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək ənənəsinin davam etməsindən məmnunluq ifadə olunub.
Görüş çərçivəsində, iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi, xüsusilə halal turizm, energetika, qeyri-neft sektorunda əməkdaşlıq və digər qarşılıqlı maraq kəsb edən məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycan ilə İndoneziya arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü ilə əlaqədar bir sıra tədbirlərin keçirilməsi də məmnunluqla qeyd edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts