Azərbaycan dövləti ana dilimizinn qorunmasını və inkişafını daim diqqət mərkəzində saxlayır

Tokio, 31 iyul , /AJMEDIA/

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, respublikamızda latın qrafikası əsasında tərtib edilən Azərbaycan əlifbasının bərpa olunması barədə 1992-ci ildə qərar qəbul olunması bir çox digər məqamlarla yanaşı, ölkəmizin dünya birliyinə inteqrasiyasının sürətlənməsi baxımından vacib addım idi. Lakin digər mühü sənədlər kimi, bu qərar da yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra reallığa çevrildi. Belə ki, Ümummilli lider tərəfindən 2001-ci il avqustun 9-da imzalanmış “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” Fərman xüsusi əhəmiyyət kəsb edən tarixi hadisəyə çevrildi. Məhz bu Fərmanla hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.
Azərbaycan dilinin respublikamızda dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı istər sovet dönəmində, istərsə də müstəqillik bərpa olunduqdan sonra Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1960-cı illərin sonuna qədər respublikamızda Azərbaycan dili hakim mövqeyə çıxa bilmir, hər yerdə rus dili hkmranlıq edirdi. Həmin dövrdə ana dilimizin inkişaf etdirilməsi və zənginləşdirilməsi qeyri-mümkün idi və dövlət tərəfindən bu məqsədlə hər hansı bir tədbir görülmürdü. Əksinə, bütün müttəfiq respublikalarda yerli xalqların doğma dillərinin sıxışdırılması məqsədli şəkildə həyata keçirilirdi.
Ulu öndər Heydər Əliyevin ana dilimizin respublikada dövlət dili statusuna yüksəlməsi istiqamətində atdığı cəsarətli addımlar tarixi əhəmiyyət kəsb edirdi. 1970-ci illərin ortalarından başlayaraq Sovet İttifaqına daxil olan respublikalarda yerli dillərin sıxışdırılması kampaniyası daha da intensivləşdirildi. Xüsusilə də SSRİ-nin yeni Konstitusiyasının qəbulundan sonra bütün ölkə ərazisində rus dilinin hüquqlarının genişləndirilməsi məqsədilə vahid dil siyasəti daha geniş şəkildə təbliğ olunmağa başladı. Təbii ki, yaranmış şəraitdə müttəfiq respublikalarda ana dilini təbliğ etmək çox riskli və təhlükəli idi. Məhz bu səbəbdən respublika rəhbərləri ana dili məsələsini gündəmə gətirməkdən çəkinirdilər. Yalnız 1969-cu ildən Azərbaycan Respublikasına rəhbərlik edən Heydər Əliyev dil məsələsində öz mövqeyini böyük cəsarət və qətiyyətlə nümayiş etdirirdi. 1977-ci ildə növbəti SSRİ Konstitusiyası qəbul edildikdən sonra müttəfiq respublikaların Konstitusiya layihələri də dərc olunaraq ümumxalq müzakirəsinə verildi. Həmin dövrdə respublikamıza rəhbərlik edən Ulu Öndər Heydər Əliyev var gücü ilə Konstitusiya layihəsinə Azərbaycan dilinin dövlət dili olması barədə maddə salınmasına çalışırdı. Nəticədə 1978-ci il aprelin 27-də Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olundu. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında ən böyük tarixi xidmətlərindən biridir.
Qeyd edək ki, bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, mötəbər beynəlxalq tribunalardan eşidilməsi də Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasətinin ölkəmizdə uğurla həyata keşirilməsinin nəticəsidir. Məlum olduğu kimi, 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.
Vurğulamaq yerinə düşər ki, bu gün də ölkəmizdə Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Ölkə Prezidenti İlham Əliyev tərəfindən 2004-cü il yanvarın 12-də imzalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncama əsasən hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Dövlətimizin başçının “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli-mənəvi varlığımızın sübutu olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Dövlətimizin başçısının 2018-ci il 17 iyul tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı və 2018-ci il 1 noyabr tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı isə ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını və qayğı ilə əhatə olunduğunu bir daha təsdiq edir.

Vüqar Ağayev

Follow us on social

Facebook Twitter Youtube

Related Posts