Avstraliyada yaşayan soydaşımız bu ölkənin Tədqiqatlar Şurasının Ekspertlər Kollegiyasının üzvü təyin edilib

Tokio, 31 yanvar, /AJMEDIA/

Azərbaycanlı alim Adil Bağırov Avstraliya Tədqiqatlar Şurası (ARC) Ekspertlər Kollegiyasının üzvü təyin edilib.
AJMEDIA xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu barədə ARC ekspertlər qrupunun 2022-ci il üçün açıqlanan tərkibinə dair məlumatda bildirilib.
ARC Avstraliya Birliyinin təşkilatı hesab olunan qurum tədqiqat məsələləri üzrə Avstraliya hökumətinə məsləhətlər verir, Müsabiqə Qrantları Milli Proqramını (NCGP) idarə edir və tədqiqatlar sahəsində nailiyyətlərin qazanılması üçün cavabdehlik daşıyır.
Avstraliyanın Ballarat şəhərində yaşayan professor Adil Bağırov 1999-cu ildən Avstraliya Federasiya Universitetində (keçmiş Ballarat Universiteti) çalışır. Optimallaşdırma, qeyri-hamar analiz və digər müvafiq sahələr üzrə araşdırmalar aparan alim çoxsaylı elmi əsər və məqalələrin müəllifi, həmçinin 7 beynəlxalq jurnalda redaksiya heyətinin üzvüdür.
Xatırladaq ki, 1960-cı il yanvarın 7-də Biləsuvar rayonunda anadan olan soydaşımız Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tətbiqi riyaziyyat fakültəsinin məzunudur. O, Avstraliyaya gedənə qədər Azərbaycan Milli Elmlər Akademiyası Təbii Sərvətlərin Kosmik Tədqiqatları İnstitutunda, Bakı Dövlət Universitetində, Moskvanın Dubna vilayətindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda çalışıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts