Avrasiya regionu gənc ekoloqları Qarabağda monitorinqə qatılmağa hazırdır

Tokio, 14 dekabr , /AJMEDIA/

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏGF ARM) İdarə Heyətinin iclasında, Azərbaycanın Qarabağ bölgəsində, Şuşa-Xankəndi yolunda keçirilən ekoloji aksiyaya dəstək ifadə edilən bəyanat qəbul edilib.
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumundan AJMEDIA-ya bildiriblər ki, Avrasiya regionunun yüz minlərlə fəalı olan aparıcı gənclər təşkilatları və hərəkatlarını təmsil edən İdarə Heyəti üzvləri ekoloji gündəliyin hər zaman gənclik hərəkatının fəaliyyət mərkəzində olduğunu vurğulayıblar. Bəyanatda qeyd olunur ki, davamlı ekoloji monitorinqlərin keçirilməsi hazırda dünya təcrübəsində aparıcı qlobal trend və fəaliyyətlərdən biridir və ekoloji böhranların qarşısının alınmasında əsas rol oynayır.
Bəyanatda təəssüflə bildirilir ki, vaxtilə Azərbaycanın işğal olunmuş əraziləri 30 ilə yaxın, hazırda isə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri hələ də bu tipli monitorinqlərdən kənar və nəzarətsiz qalan ərazilərdəndir. Bunun bölgənin ətraf mühiti üçün ağır nəticələrini 2021-ci və bu il İƏGF ARM tərəfindən təşkil edilmiş sosial media fəallarının Azərbaycana səfərləri zamanı onlarla beynəlxalq tanınmış bloger də şahidi olublar.
Bu günlərdə Azərbaycan ekoloqlarının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə nəzarətsiz fəaliyyət göstərərək ətraf mühitə ziyan vuran mədənlərin monitorinqini keçirmək cəhdinə süni əngəllərin törədilməsi ciddi narahatlıq doğurur.
Bununla bağlı, bəyanatda Rusiya sülhməramlı kontingenti tərəfindən ekoloji monitorinqlərin keçirilməsi üçün şərait yaradılması tələbi səsləndirilir, regionun gənc ekoloq fəallarının azərbaycanlı həmkarları və könüllülərin keçirdiyi aksiyaya məlumat dəstəyi verilməsi çağırışı əks olunur.
“Eyni zamanda keçiriləcək monitorinqlərin obyektivliyini təmin etmək məqsədilə Azərbaycan ekoloji könüllülərinə dəstək olaraq Avrasiya regionu gənc ekoloqlarından ibarət heyətin monitorinqlərə qatılmasını təşkil etməyə hazırıq”, – deyə bəyanatda vurğulanır.
Xatırladaq ki, İƏGF-ARM 56 İslam Əməkdaşlıq Təşkilatı ölkəsinin aparıcı gənclər hərəkat və strukturlarını özündə birləşdirən beynəlxalq qurum – İƏT Gənclər Forumunun regional təşkilatıdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts