Arxeoloji qazıntı mövsümünün açılışına həsr olunmuş elmi konfrans

Tokio, 21 iyun , /AJMEDIA/

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda 2023-cü il arxeoloji qazıntı mövsümünün açılışına həsr olunmuş elmi konfrans keçirilib.
Bu barədə AJMEDIA-ya AMEA-dan bildirilib. Seminarı açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ölkə başçısının Azərbaycan elmi qarşısında qoyduğu vəzifələrdən irəli gələrək və müasir dövrün çağırışlarına uyğun olaraq akademiyanın yenilənməsi istiqamətində struktur islahatlarının davam etdiyini söyləyib. Qeyd edib ki, bu yöndə atılan növbəti addımlardan biri də Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun bazasında daxili imkanlar hesabına əlavə maliyyə vəsaiti tələb olunmadan Arxeologiya və Antropologiya İnstitutunun yaradılması olub və bu haqda artıq Rəyasət Heyətinin 19 iyun tarixli qərarı ilə AMEA-nın Ümumi yığıncağı qarşısında vəsatət qaldırılıb.
Elmi konfransla ilk dəfə olaraq AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda 2023-cü il qazıntı mövsümünün rəsmi açılışı ilə əlaqədar məsələlərin müzakirəyə çıxarıldığını deyən akademik İsa Həbibbəyli Azərbaycan arxeoloqlarının fədakar əməyinin yüksək qiymətə layiq olduğunu bildirib. Diqqətə çatdırıb ki, arxeoloji tədqiqatların keyfiyyətini artırmaq məqsədilə AMEA Rəyasət Heyəti tərəfindən Nazirlər Kabinetinin 2 avqust 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması Qaydaları”na dəyişikliklər edilməsinə dair təkliflər hazırlanaraq aidiyyəti dövlət qurumlarına göndərilib.
AMEA rəhbəri, həmçinin institutun maddi-texniki bazasının gücləndirilməsi, institutda karbohidrogen analizlərini aparmaq üçün laboratoriyanın təşkili, müəssisənin elmi jurnalının çapı istiqamətində zəruri dəstəyin veriləcəyini söyləyib. Bundan əlavə, işğaldan azad olunmuş ərazilərdə arxeoloji tədqiqatların aparılmasına, dövlət proqramlarının icrasına və dövlət əhəmiyyətli sifarişlərə, Xəzərin arxeologiyasının öyrənilməsinə diqqətin artırılması, institut əməkdaşlarının yerli və beynəlxalq qrantlarda aktiv iştirak etmələri zərurəti barədə müvafiq tapşırıq və tövsiyələrini verib.
Akademik İsa Həbibbəyli qazıntı mövsümü başa çatdıqdan sonra əldə olunan nailiyyətlərə həsr edilən yekun konfransın keçirilməsi və arxeoloji tapıntılara dair sərgilərin təşkili, hesabatların təqdim edilməsinin nəzərdə tutulduğunu bildirib.
İclasda arxeologiya və antropologiya elminin aktual problemləri ilə bağlı bir çox məsələlər geniş şəkildə müzakirə edilib, dünya təcrübəsi, ölkə reallıqları və müasir çağırışlar nəzərə alınmaqla institutun yenidən qurulması ilə əlaqədar problemlər ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.
Daha sonra arxeoloji tədqiqatlarda istifadə etmək məqsədilə AMEA Rəyasət Heyəti adından Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna dron və GPS cihazı hədiyyə olunub.
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru vəzifəsini icra edən, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev 2022-ci ildə institutda ümumilikdə 58 ekspedisiyanın təşkil olunduğunu, cari mövsümdə isə vacib olan abidələrin tədqiqata cəlb ediləcəyini diqqətə çatdırıb. Qeyd edib ki, ilkin mərhələdə 9 ekspedisiya fəaliyyətə başlayacaq və bunların içərisində İtaliya, Fransa və Koreya arxeoloqları ilə birgə beynəlxalq ekspedisiyalar da olacaq. F.Quliyev ekspedisiya heyətlərinə texniki yardımın institut tərəfindən vahid formada göstəriləcəyini, tədqiqatların nəticələrinin beynəlxalq jurnallarda çapının nəzərdə tutulduğunu və öyrənilən abidələrin gələcəkdə UNESCO səviyyəsində təbliğatının aparılmasının qarşıdakı hədəflərdən olduğunu deyib. O, həmçinin mövcud problemlərə toxunub, perspektivlərə nəzər yetirib, Dövlət Turizm Agentliyi və digər qurumlarla əməkdaşlıq əlaqələrini diqqətə çatdırıb.
Tədbirdə Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin sədrinin müşaviri Elşən Mustafayev, Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sektor müdiri Mahir Qəhrəmanov, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları Hidayət Cəfərov, Kübra Əliyeva, Vəfa Nağıyeva, Əsədulla Cəfərov, Qəhrəman Ağayev, Valeh Ələkbərov və başqaları çıxış edərək mövcud problemlər, onların həlli yolları və arxeoloji qazıntıların təşkili ilə bağlı təkliflərini səsləndiriblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts