Qarabağın florası yeni dərman vasitələrinin işlənib-hazırlanması üçün böyük potensiala malikdir

Tokio, 18 Sentyabr, /AJMEDIA/

Azərbaycanda xalq təbabəti ənənələrinin geniş yayıldığı və qədim tarixə malik bölgələrindən olan Qarabağda əsrlər boyu təbiblər fəaliyyət göstərmiş və təbii üsullarla, ilk növbədə dərman bitkiləri vasitəsilə insanların müalicəsi ilə məşğul olmuşlar. Qarabağda xalq təbabətinin geniş yayılması buranın bitki aləminin zənginliyindən irəli gəlir.

AMEA-dan AJMEDIA-ya bildirilib ki, bu barədə Qarabağın dərman florasının potensial imkanları barədə Botanika İnstitutunun Ekosistemlərin fitososiologiyası laboratoriyasının müdiri Naibə Mehdiyeva açıqlama verib. Mütəxəssis Qarabağın florasının bitki mənşəli dərman xammalının tədarükü və yeni dərman vasitələrinin işlənib-hazırlanması üçün böyük potensiala malik olduğunu bildirib: “Qarabağda 110 fəsiləyə və 397 cinsə aid 606 növ dərman bitkisi (onlardan 4 fəsilə, 10 cinsə aid 11 növ şibyələrdir) yayılmışdır ki, bu bitkilərin 66 növü ofisinal təbabətdə dərman vasitəsi kimi istifadə olunur. Qarabağda yayılmış dərman bitkilərinin 19 fəsilə və 28 cinsdən ibarət 35 növü Qafqaz endemi, 32 növü nadir və itmə təhlükəsində olan, Azərbaycanın “Qırmızı kitab”ına salınmış bitkilərdir”.

Qarabağda yayılmış dərman bitkilərinin bioloji aktivlik və müalicəvi xüsusiyyətlərinin də kifayət qədər geniş olduğunu deyən N.Mehdiyeva bu bitkilərin 163 növünün diuretik, 157-nin antibakterial, 138-nin yarasağaldıcı, 81-nin büzüşdürücü, 19-nun antivirus xüsusiyyətlərə malik olduğunu vurğulayıb.

Laboratoriya müdiri qeyd edib ki, bu dərman bitkilərinin daha çox növü ürək-damar (81 növ), mədə-bağırsaq (155 növ), böyrək (55 növ), qaraciyər (80 növ), dəri (149 növ), diabet (35 növ) və bir çox digər xəstəliklərin müalicəsində tətbiq edilir.

“Bu gün botanik-alimlər qarşısında duran ən vacib vəzifələrdən biri Qarabağin bitki örtüyünün monitorinqinin aparılması və onun bərpası yollarının müəyyən edilməsidir”, – deyə bildirən N.Mehdiyeva azad edilmiş ərazilərdə bu işlərə təxirə salınmadan başlamağın zəruriliyini vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts