AMEA Yüksək Texnologiyalar Parkı elm, texnologiya və innovasiya sahəsində uğurla addımlayır

Tokio, 6 Noyabr, /AJMEDIA/

Müasir dövrdə bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da elmin maliyyələşdirilməsi və kommersiyalaşdırılması, innovativ biliklərin artırılması, eləcə də idxal və ixrac potensialını yüksəltməklə dünya bazarına çıxışın təmin edilməsi son dərəcə aktual məsələlərdir. Bu məqsədlə yüksək texnologiyalardan istifadə edilməsi, dövlət sifarişlərinin qəbulu, eləcə də xarici təcrübənin öyrənilməsi məqsədəuyğundur.

Bu gün fəaliyyətə başladığı ilk dövrlərdən Azərbaycanda elmin kommersiyalaşdırılmasında birbaşa iştirak edən, elmtutumlu, rəqabətqabiliyyətli və innovativ məhsulların istehsalını həyata keçirən, yenilikçi bizneslərin yaradılması istiqamətində özəl sektor, biznes şəbəkələri ilə əməkdaşlıq edən nüfuzlu təşkilat – AMEA Yüksək Texnologiyalar Parkının yaradılmasından 5 il ötür.

Bu fikirlər AMEA Yüksək Texnologiyalar Parkının mətbuat katibi Nərgiz Qəhrəmanovanın “AMEA Yüksək Texnologiyalar Parkı elm, texnologiya və innovasiya sahəsində uğurla addımlayır” sərlövhəli məqaləsində yer alıb. AJMEDIA məqaləni təqdim edir.

2016-cı il noyabrın 8-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılmış AMEA Yüksək Texnologiyalar Parkı (YT Park) ölkəmizdə iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmağı hədəfləyir.

Hazırda YT Park innovasiyayönümlü yeni texnologiyaların hazırlanması və təkmilləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirir. AMEA-nın elmi müəssisələrində elmlə biznesin vəhdətinin təşkilinə təkan verən texnopark yalnız ölkə daxilində deyil, həm də ölkə xaricində fəaliyyət göstərən alimlərimizlə əməkdaşlıq edir. Həmçinin texnologiya və innovasiya sahəsində baş verən yeniliklərlə yaxından tanış olmaq məqsədilə müxtəlif ölkələrin texnoparkları ilə sıx əlaqədədir.

Hazırda Parkın nəzdində Təcrübə-Sənaye Zavodu, “Elm və Texnologiya Parkı” MMC, “İNKOR” MMC, “Azeltech”, ““Tak Noosh Group” MMC, “AZOil Industry” MMC kimi müəssisələr də daxil olmaqla 13 rezident fəaliyyət göstərir. Bu müəssisələrdə prioritet istiqamətlərdə tədqiqatlar aparılır, onların nəticələri sənayedə, xidmət sahələrində uğurla tətbiq olunur. Rezidentlər elmlə istehsalat arasında birbaşa əlaqələrin yaradılmasında fəal rol oynayır.

20 hektar sahəsi olan Parkın ərazisinin genişliyi imkan verir ki, burada rezidentlərin sayı artırılsın. Yerli şirkətlərlə əməkdaşlıq qurmaq, elmin kommersiyalaşdırılması sahəsində daha böyük uğurlar əldə etmək bu müəssisənin əsas məqsədlərindəndir. YT Park həm də rezidentlərin dayanıqlığını təmin etmək üçün məqsədyönlü tədbirlər həyata keçirir.

Texnopark elmtutumlu fəaliyyəti dəstəkləyərək, rezidentliyə qəbul olunan şirkətlərə müvafiq imtiyazlar təqdim edir. Rezidentlər 10 il müddətinə əmlak, torpaq və mənfəət vergisindən azad olunurlar. Rezidentlərə idxal olunan texnika, texnoloji avadanlıq və qurğulara görə 7 il müddətinə gömrük rüsumlarını və əlavə dəyər vergisini ödəməməklə bağlı güzəştlər tətbiq olunur.

Bununla yanaşı, Yüksək Texnologiyalar Parkının rezidentləri qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya kimi kommunal-kommunikasiya xətləri ilə təmin olunur. Bu isə sahibkarların daha səmərəli fəaliyyət göstərmələrinə şərait yaradır.

Texnoparkın rezidentləri və akademiyanın institutları arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Belə ki, AMEA alimlərinin müəllifi olduğu kommersiya potensiallı ixtira patentlərinin Yüksək Texnologiyalar Parkında reallaşdırılması həyata keçirilir.

Rezidentlər hər bir layihənin reallaşdırılması zamanı innovativ texnologiyalara üstünlük verir və elmi tədqiqatları sənayedə tətbiq edərək milli məhsulların dünya bazarına çıxarılmasına şərait yaradır.

YT Park bütövlükdə AMEA-nın bilik iqtisadiyyatının qurulması istiqamətində uğurla fəaliyyət göstərərək elmi-tədqiqat işlərinin istehsalata transfer edilməsi, texnoloji, elmtutumlu milli məhsulların istehsalı və intellektual biznesin formalaşdırılması sahəsində mühüm nəticələr əldə edir. Elmi-tədqiqat işlərinə investisiyaların cəlb olunması, bu istiqamətdə sərmayə yatıran özəl sektora müəyyən güzəştlərin edilməsi və əlverişli mühitin yaradılması YT Parkın strateji hədəfləri sırasındadır.

Texnopark milli iqtisadiyyatın neftdən asılılığını azaltmaq, idxal əvəzləyici sektorları inkişaf etdirmək, ixrac bazarlarında rəqabət üstünlükləri əldə etmək və digər hədəflərə nail olmaq üçün kifayət qədər geniş perspektivlərə malikdir.

AMEA YT Parkın nəzdində Ekspertlər Şurası fəaliyyət göstərir ki, bu şura texnologiyalar parkında rezident kimi qeydiyyata alınma ilə əlaqədar müraciət etmiş ərizəçilər tərəfindən təqdim olunan innovasiya və ya yüksək texnologiya layihəsinin qiymətləndirilməsi, müvafiq rəyin hazırlanması, layihələrin, elmi tədqiqatların həyata keçirilməsi məqsədini daşıyır. Eyni zamanda, innovasiya məhsulunun hazırlanması və ya işlənməsi sahəsində nailiyyətlərin, qabaqcıl təcrübənin öyrənilməsi, onların tətbiqinə dair təkliflərin hazırlanmasını reallaşdırır. Ekspertlər Şurasının əsas vəzifələrinə texnoparkda hazırlanmış texnologiyaların, elmi nəticələrin və innovativ məhsulların tətbiqi və istehsalı ilə əlaqədar texniki-iqtisadi əsaslandırmalara rəy vermək də daxildir.

Bu şura innovativ təklif, ideya və elmi nailiyyətlərin YT Park vasitəsilə reallaşdırılması və kommersiyalaşdırılması, daxili və xarici bazara çıxarılması funksiyasını icra edir.

Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasının təşviqinə dəstək vermək məqsədilə texnoparkda “İnkubator və Texnologiya Transferi Mərkəzi” də yaradılıb. Mərkəz innovasiyalı texnologiyaların vahid məlumat bazasının yaradılması, bu texnologiyaların kommersiya potensialının qiymətləndirilməsi, innovasiya fəaliyyəti və texnologiyaların transfer məsələləri üzrə elmi-tədqiqat sifarişlərinin elmi-tədqiqat institutuna yönləndirilməsi, o cümlədən innovasiya idarəetmə proseslərinin koordinasiyasını həyata keçirir.

Yüksək Texnologiyalar Parkı Vətən müharibəsi dövründə, ölkənin taleyüklü günlərində də əsl dövlətçilik mövqeyi nümayiş etdirib. Bu qurumun bir neçə əməkdaşı könüllü olaraq ordu sıralarına yazılıb, düşmənə qarşı böyük qəhrəmanlıq nümayiş etdiriblər. Müharibə günlərində YT Parkı tərəfindən ordumuzun ehtiyacları üçün yuyucu vasitələr, mühərrik yağları və digər zəruri məhsullar cəbhəyə yola salınıb.

Hazırda YT Parkda AMEA-nın elmi müəssisələrində kommersiyalaşdırılmağa hazır olan məhsulların istehsalı üçün geniş imkanlar təqdim olunur, ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verilir.

Azərbaycanda rəqabətədavamlı məhsulların istehsalı, innovativ biliklərə əsaslanan iqtisadiyyatın formalaşması, eləcə də AMEA-nın elmi əlaqələrinin genişləndirilməsində mühüm rol oynayan Yüksək Texnologiyalar Parkını yaranmasının 5-ci ildönümü münasibətilə təbrik edir, texnoparkın kollektivinə uğurlar, yeni elmi nailiyyətlər arzu edirik. İnanırıq ki, bu innovativ müəssisə Azərbaycan elminə mühüm töhfələr verməkdə davam edərək elm və istehsalat arasında intellektual körpü yaradacaq, neçə-neçə gənc alimin inkişafına yol açacaq, eyni zamanda nüfuzlu elm və yüksək texnologiyalar mərkəzinə çevriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts