AMEA-nın Yüksək Texnologiyalar Parkında yeni rezidentlərin fəaliyyəti üçün infrastruktur təkmilləşdirilir

Tokio, 29 dekabr, /AJMEDIA/

Bu il AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) fəaliyyəti çərçivəsində bir sıra mühüm nəticələr əldə olunub.

AJMEDIA xəbər verir ki, YT Parkdan AZƏRTAC-a bildirilib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq sərəncamı ilə “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin istifadəsində olan torpaq sahəsində layihələndirilən qeyri-yaşayış (istehsalat) binalarının baş planı təsdiq edilib. Baş plana uyğun olaraq, YT Parkın ərazisində komplektləşdirmə və abadlaşdırma işləri aparılıb.

Son bir il ərzində YT Parka ümumi investisiya məbləği isə 14 milyon manat təşkil edən 6 yeni rezident – “Bakı Polimer İstehsalat” MMC, “Dadaş-N” MMC, “Azcosmetics Group” MMC, “Tak Noosh Group” MMC, “Proline Chemicals” MMC, “Azoil İndustry” MMC cəlb edilib. Parka qəbul olunan yeni rezidentlər üzrə tikinti sahəsinin 31 000 m² olması və 187 yeni iş yerinin açılması nəzərdə tutulub.

Yeni rezidentlərin tam fəaliyyət göstərməsi üçün park ərazisində infrastruktur təkmilləşdirilir. Bu istiqamətdə görülən əsas işlərdən biri isə istismar dövrünü başa vurmaq üzrə olan su və kanalizasiya xətlərinin yenilənməsi ilə birlikdə, yanğın əleyhinə su kəmərləri sisteminin çəkilməsi, hidrantların quraşdırılması və elektrik xətlərinin yenilənərək təkmilləşdirilməsidir. Bu istiqamətdə işlərin 2022-ci ilin birinci rübündə yekunlaşdırılması planlaşdırılır.

İl ərzində görülmüş işlərdən biri də yeni rezidentlərdən olan “Tak Noosh Group” MMC və “Bakı Polimer İstehsalat” MMC tərəfindən istehsal avadanlığının idxal olunmasıdır. Hazırda avadanlıq texnopark ərazisindədir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts