AMEA Bolqarıstanın elmi müəssisələri ilə əməkdaşlığı genişləndirir

Tokio, 4 iyul , /AJMEDIA/

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Bolqarıstanda səfərdədir. Səfər zamanı AMEA ilə Bolqarıstan Elmlər Akademiyası arasında elmi əməkdaşlığa dair anlaşma memorandumu imzalanacaq. Həmçinin akademik İsa Həbibbəyli Bolqarıstan EA-nın bir sıra elmi-tədqiqat institutlarının iş təcrübəsi ilə tanış olacaq.
Bu barədə AJMEDIA-ya AMEA-dan məlumat verilib. Bildirilib ki, AMEA prezidenti əvvəlcə Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində olub. Mərkəzin direktoru Sofiya Şiqayeva-Metriska qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, Sofiya Universitetində türkologiya və şərqşünaslıq ixtisasları üzrə təhsil alan tələbələrə 2013-cü ildən Azərbaycan dili, 2015-ci ildən Azərbaycan multikulturalizmi fənləri tədris olunur, yeni dərs ilindən isə Azərbaycan ədəbiyyatı fənninin tədrisinə başlanılacaq.
Mərkəzin işini yüksək qiymətləndirən İsa Həbibbəyli indiyədək burada Azərbaycanın Bolqarıstandakı səfirliyinin dəstəyi ilə Nizami Gəncəvi, İmadəddin Nəsimi və Cəlil Məmmədquluzadənin əsərlərinin bolqar dilinə ilk dəfə tərcümə edilərək nəşr olunmasını əhəmiyyətli hadisə adlandırıb. AMEA prezidenti Sofiya Universitetindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə təbrikini çatdırıb. Akademik Mərkəzə üzərində Qarabağın rəmzi xarıbülbülün simvolu olan xalça və Azərbaycan Respublikasına, o cümlədən Qarabağa və Şuşaya aid kitablar, bir sıra elmi nəşrlər hədiyyə edib.
Akademik İsa Həbibbəyli Bolqarıstan Elmlər Akademiyasının Milli Arxeologiya İnstitutunun Arxeologiya Muzeyini də ziyarət edib. Muzeyin direktoru professor Stefan Aleksandrov AMEA rəhbərinə Bolqarıstanın tarixi mədəniyyət nümunələrinin nümayiş olunduğu muzey eksponatları barədə ətraflı məlumat verib. İsa Həbibbəyli isə Azərbaycanda, xüsusilə ölkəmizin Qarabağın işğaldan azad edilmiş ərazilərində aparılan arxeoloji qazıntılar, dünyanın nadir qədim insan məskənlərindən biri olan Azıx mağarası və sairə barədə söhbət aparıb və arxeologiya sahəsində mövcud əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
Səfər çərçivəsində İ.Həbibbəyli Bolqarıstan Elmlər Akademiyasının Etnologiya və Folklor İnstitutunun rəhbərliyi ilə də görüşüb, elmi-tədqiqat müəssisəsinin tərkibində fəaliyyət göstərən Etnoqrafiya Muzeyini ziyarət edib. Etnologiya və Folklor İnstitutunun direktoru professor Vladimir Pençev AMEA prezidentini rəhbərlik etdiyi elmi müəssisənin iş şəraiti və tədqiqat istiqamətləri ilə tanış edib. Görüş zamanı müasir mərhələdə etnoqrafiya və etnologiya elmlərinin funksiyaları, akademiyanın elmi bölmələrindəki yeri və əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparılıb, bu istiqamətdə Azərbaycan və Bolqarıstan alimlərinin əməkdaşlıq perspektivləri barədə danışılıb

Follow us on social

Facebook Twitter Youtube

Related Posts