Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün yekunlaşır

Tokio, 12 sentyabr , /AJMEDIA/

Ali təhsil müəssisələrinə qəbul olunan (I mərhələdən sonra) abituriyentlərin qeydiyyatı sentyabrın 2-dən başlanıb və sentyabrın 12-si saat 23:59-dək davam edəcək.
Bu barədə AJMEDIA-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, ali təhsil müəssisələrinə qəbul olunan (I mərhələdən sonra) şəxslər portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
Sentyabrın 12-si saat 09:00-a olan məlumata əsasən, artıq 48 min 45 nəfər portalda qeydiyyatdan keçmək üçün müraciət edib və onlardan 45 min 712 abituriyentin müraciəti yoxlanılaraq təsdiq olunub. Digər müraciətlərin yoxlanılması davam edir.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.
Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyatı isə sentyabrın 12-si saat 12:00-dan sentyabrın 19-u saat 23:59-dək aparılacaq. Bundan əlavə, tam (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar sentyabrın 12-si saat 12:00-dan sentyabrın 21-i saat 23:59-dək qeydiyyatdan keçməlidirlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts