İtaliya-Azərbaycan Universiteti çərçivəsində GMAP proqramının ilk tələbə qrupu Romada yay modulunu tamamlayıb

Tokio, 10 iyul , /AJMEDIA/

ADA Universiteti (Azərbaycan) və Luiss Guido Carli Universiteti (İtaliya) tərəfindən birgə təklif olunan Qlobal idarəetmə və siyasət (GMAP) proqramının ilk tələbə qrupu, İtaliya-Azərbaycan Universiteti təşəbbüsü çərçivəsində Romada yay modulu uğurla tamamlanıb. Bu əlamətdar hadisə ADA Universiteti və Luiss Guido Carli Universiteti arasında akademik müqavilənin imzalanmasından cəmi iki il sonra həyata keçirilib və iki ölkə arasında akademik əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilib.

Bu barədə AJMEDIA-ya ADA Universitetindən məlumat verilib. Bildirilib ki, bu ikili diplom proqramının məqsədi İtaliya təcrübəsini “Made in Azerbaijan”ın innovativ potensialı ilə birləşdirməkdir. Bunun üçün ADA-nın beş professorundan ibarət heyət tələbələri səfər zamanı müşayiət edərək, onları İtaliyada ixtisaslaşmış ekspertlərlə birlikdə işləməyə yönləndirib. Üç həftə ərzində tələbələr tanınmış İtaliya şirkətlərinə baş çəkiblər, mühazirələrdə və müzakirə sessiyalarında aktiv iştirak ediblər. Yay modulu Azərbaycanın İtaliyadakı səfirliyində keçirilən bağlanış mərasimi ilə başa çatıb.

Mərasimdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov, İtaliyanın Azərbaycandakı səfiri Luka di Canfrançesko və İtaliya-Azərbaycan Universiteti təşəbbüsü çərçivəsində akademik işlər üzrə prorektorun müşaviri Aynurə Hüseynova iştirak edərək iştirakçıları nailiyyətləri münasibətilə təbrik ediblər.

Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov bu akademik layihənin İtaliya və Azərbaycan arasında strateji əməkdaşlıq kontekstində əhəmiyyətini vurğulayıb və bunun davamlı olaraq keçirilən ikitərəfli səfərlərlə təsdiqləndiyini bildirib.

İtaliyanın Azərbaycandakı səfiri Luka di Canfrançesko bu cür proqramların ölkələrimiz arasında təhsil və mədəni əlaqələri dərinləşdirməyə xidmət etdiyini söyləyib.

Aynurə Hüseynova isə ADA Universitetinin Bakıda yerləşən kampusunda İtaliya-Azərbaycan Universiteti binasının tikintisinin tamamlanmaqda olduğunu vurğulayıb. Qeyd edib ki, bu müddətdə müəllim və tələbələr arasında mübadilələr də daxil olmaqla artıq bir çox proqramlara başlanılıb və Luissdə keçirilən “İdarəetməyə və “Made in Italy”ə Fokus” adlı tədbir də bunun bir nümunəsidir.

Luiss Guido Carli Universitetinin nümayəndələri diqqətə çatdırıblar ki, birgə səylər tələbələrin, müəllimlərin və akademik məsləhətçilərin davamlı mobilliyi vasitəsilə iki akademik qurum arasında vizyon və tədris metodologiyalarını uyğunlaşdırmağı hədəfləyir.

Xatırladaq ki, İtaliya-Azərbaycan Universiteti ilə bağlı akademik əməkdaşlıq sazişləri 2022-ci il sentyabrın 1-də imzalanıb. Bu layihə ilkin olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, ADA Universitetinin rektoru Hafiz Paşayevin və İtaliyanın beş aparıcı universitetinin rəhbərliyinin – Luiss Guido Carli Universitetinin vitse-prezidenti Paola Severino, Sapienza Universitetinin rektoru Antonella Polimeni, Turin Politexnik Universitetinin rektoru Guido Saraçço, Alma Mater Bolonya Universitetinin icraçı prorektoru Simona Tondelli və Milan Politexnik Universitetinin Dizayn departamentinin direktoru Alessandro Desertinin iştirakı ilə elan edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts