Tokio, 1 oktyabr , /AJMEDIA/
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrası ilə birgə hepatosellular karsinomanın (HSK) diaqnostikası ekspert sisteminin işlənilməsi istiqamətində tədqiqatlar aparılır.
AJMEDIA xəbər verir ki, bu barədə institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova məlumat verib. O qeyd edib ki, müvafiq dövr ərzində diaqnostik ekspert sisteminin yaradılması üçün ekspert biliklərinin alınması, onların qeyri-səlis qaydalar əsasında transformasiyası, ekspert sisteminin layihələndirilməsi və funksionallaşma prinsiplərinin işlənilməsi istiqamətində işlər görülüb, müvafiq proqram təminatı reallaşdırılıb.
Professor cari ilin əvvəlində HSK-nın diaqnostikası sisteminin sınaqlarının keçirilməsi zamanı sistemin verilənlər bazasının və interfeys blokunun təkmilləşdirilməsi ilə bağlı mütəxəssis, həkim-ekspertlər tərəfindən tövsiyələrin verildiyini diqqətə çatdırıb.