Tokio, 14 iyul , /AJMEDIA/
Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin informatika, fizika və fransız dili fənləri üzrə test imtahanlarının apellyasiya müraciətlərinə başlanılıb.
Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən AJMEDIA-ya bildirilib ki, imtahanlarda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Müraciətlərin məzmunu ətraflı şəkildə qeyd olunmalıdır.
Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
Xatırladaq ki, test imtahanları iyulun 11-dən başlanıb və iyulun 15-dək davam edəcək. Ümumilikdə 58 minə yaxın namizədin iştirak edəcəyi imtahanlar ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçirilir. Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər. İmtahanda namizədlərə 150 dəqiqə vaxt verilir.
Cari ildə 10 min müəllimin işə qəbulu hədəflənib. Vakansiya seçimində ilk olaraq şəhid ailələrinin üzvləri iştirak edə biləcəklər. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər.
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir.