“Zaqatala AGRO İndustry” MMC bölgədə tütünçülüyün inkişafına töhfələr verir

Tokio, 29 Oktyabr, /AJMEDIA/

Yaponiyanın qabaqcıl şirkətlərindən olan “Tet İnternational Development” şirkəti Azərbaycanda 3 ildir ki, fəaliyyət göstərir. Əsasən kənd təsərrüfatı sahəsinə sərmayələr qoyan şirkət ölkəmizdə tütünçülüyün inkişafı ilə bağlı bir sıra layihələr həyata keçirir. Hazırda Azərbaycanda şirkətin 4 tütünqurutma müəssisəsi işləyir. Bu müəssisələr Oğuz, Tovuz, Şəki və Zaqatala rayonlarında yerləşir. “Tet İnternational Development” şirkətinin törəmə müəssisəsi olan “Zaqatala AGRO İndustry” MMC-nin tütünqurutma məntəqəsi bu müəssisələr içərisində ən böyüyüdür.
AJMEDIA-nın bölgə müxbiri emal məntəqəsində olub, müəssisənin fəaliyyəti ilə maraqlanıb.
“Zaqatala AGRO İndustry” MMC-nin direktoru İsrafil Səfərov bildirib ki, şirkət tərəfindən Zaqatala rayonunda emal müəssisəsinin tikintisinə 2021-ci ilin yanvarında başlanılıb. Məntəqədə 120 tütünqurutma kamerası quraşdırılıb. Tütün istehsalı ilə bağlı bu il Zaqatala, Qax və Şəki rayonlarında 54 fermerlə müqavilə bağlanılıb, onlara şitil yetişdirmək üçün pulsuz toxum verilib. Eyni zamanda, fermerləri tütün şitilləri ilə təmin etmək üçün məntəqənin özündə də ümumi sahəsi 12 min 256 kvadratmetr olan 48 ədəd istixana quraşdırılıb. Torpaq mülkiyyətçilərinin işini asanlaşdırmaq məqsədilə müəssisəyə Türkiyədə istehsal olunan şitilvuran aqreqatlar da gətirilib və tütün əkini zamanı fermerlərin istifadəsinə verilib.
Müəssisə rəhbərinin sözlərinə görə, cəmiyyət tərəfindən builki mövsümdə Zaqatala rayonunda 300 hektar, Qaxda 365 hektar, Şəkidə 35 hektar olmaqla, ümumilikdə, 700 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Cari ilin iyulunda tütünqurutma məntəqəsində istehsalçılardan yaş tütünün qəbuluna başlanılıb.
Direktor bildirib ki, indiyədək məntəqəyə istehsalçılardan 4 min 832,6 ton yaşıl tütün kütləsi daxil olub. O cümlədən, bu günədək emal məntəqəsinə Qax rayonunun fermerləri 2 min 378,1 ton, Zaqatala fermerləri 2 min 210,6 ton, Şəki fermerləri isə 243,9 ton yaşıl tütün kütləsi təhvil veriblər. Bu günədək emal məntəqəsində 433 ton quru tütün istehsal olunaraq anbara yığılıb. Bundan əlavə, Zaqatala məntəqəsinin fermerləri tərəfindən indiyədək Şəki və Oğuz rayonlarının məntəqələrinə də qurudulmaq üçün 324,7 ton yaş tütün təhvil verilib.
Hazırda bu emal məntəqəsindəki 120 kameranın hamısına qurudulmaq üçün yaş tütün qoyulub. Bu kameraların üstün cəhəti odur ki, yaşıl tütün kütləsi sahələrdən birbaşa məntəqəyə gətirilir və qurudulmaq üçün kameralara yerləşdirilir. Tütün istehsalçıları artıq yaşıl tütünün ipə düzülməsi kimi çətin, əziyyətli və vaxt aparan işdən azad olublar. Hər kameraya bir dəfəyə 5-6 ton yaşıl tütün kütləsi yerləşdirmək mümkündür. Tütünün qurudulması prosesi 7-8 gün çəkir. Mövsüm vaxtı hər gün məntəqəyə qurudulmaq üçün orta hesabla 50-60 ton yaşıl tütün kütləsi daxil olub. Mövsümün ən qızğın vaxtında isə bu göstərici 80-90 tona çatıb. Mövsümün sonu olduğu üçün hazırda məntəqəyə gün ərzində 30-40 ton yaşıl tütün kütləsi daxil olur.
İsrafil Səfərov bildirib ki, hələlik təsərrüfatlarda yaş tütünün yığımı davam edir. Mövsümün sonunadək əlavə olaraq 500 tonadək yaşıl kütlənin yığılacağı, məntəqədə yekunda 640 tonadək quru tütünün istehsal olunacağı proqnozlaşdırılır.
Hazırda emal məntəqəsində 60 nəfər daimi, 150 nəfər isə mövsümi işçi çalışır. İşçilərin orta aylıq əmək haqqı 320-1000 manat arasındadır.
Müəssisə rəhbərinin sözlərinə görə, yaxın vaxtlarda “Zaqatala AGRO İndustry” MMC tərəfindən Rusiya bazarlarına quru tütünün ixracına başlanacaq. Artıq bu istiqamətdə alıcı şirkətlərlə müvafiq danışıqlar aparılıb, razılıq əldə olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts