Zəfər Günündə Azərbaycan xalqı qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla anır

Tokio, 8 noyabr , /AJMEDIA/

Noyabrın 8-də Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini dərin ehtiramla anır.
AJMEDIA xəbər verir ki, Zəfər Günündə ən çox ziyarət olunan məkanlardan biri qəhrəman övladlarımızın dəfn olunduğu Şəhidlər xiyabanlarıdır. Səhər saatlarından başlayaraq Vətən müharibəsinin iştirakçıları, qazilər, hərbçilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri, Birinci və İkinci Qarabağ müharibələrində şəhid olmuş döyüşçülərin xatirəsinə sonsuz ehtiramın ifadəsi olaraq Şəhidlər xiyabanlarını ziyarət edirlər. Qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər düzülür, şəhidlərimizin ruhlarına dualar oxunur.
Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində 2900 nəfərdən çox şəhid verib. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-2021-ci illərdə imzalandığı sərəncamları ilə İkinci Qarabağ müharibəsinin ümumilikdə 159 mindən çox iştirakçısına müxtəlif ordenlər və medallar verilib. Prezidentin 2022-ci il 5 noyabr tarixli sərəncamına əsasən Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş 680 hərbi qulluqçu orden və medallarla təltif edilib. Hərbi qulluqçulardan 35 nəfəri “Azərbaycan Bayrağı”, 28 nəfəri 3-cü dərəcəli “Rəşadət”, 470 nəfəri 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenlərinə, 83 nəfəri “Vətən uğrunda”, 22 nəfəri “Cəbrayılın azad olunmasına görə”, 9 nəfəri “Xocavəndin azad olunmasına görə”, 24 nəfəri “Füzulinin azad olunmasına görə”, 2 nəfəri “Zəngilanın azad olunmasına görə”, 3 nəfəri “Qubadlının azad olunmasına görə”, 2 nəfəri “Şuşanın azad olunmasına görə”, 2 nəfəri isə “Laçının azad olunmasına görə” medallarına layiq görülüb
Bu gün Azərbaycan xalqı Vətən müharibəsində qazanılmış şanlı Qələbənin ikinci ildönümünü böyük sevinc və qürurla qeyd edir. Paytaxtımızın prospekt və meydanları, binaların eyvanları üçrəngli bayrağımızla bəzədilib. Həmçinin rəqəmli bilbordlarda, monitorlarda və banerlərdə “Xarıbülbül” emblemi, Zəfər şüarları nümayiş olunur. 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanda və xarici ölkələrdə bir sıra kütləvi tədbirlər keçirilir.
Məscidlərimizdə şəhidlərimizin ruhuna dualar oxunur, dini konfessiyalar ayinlər icra edirlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts