Yüksək qan təzyiqi dərmanlarının yan təsirini necə azaltmaq olar?

Tokio, 6 aprel , /AJMEDIA/

Qan təzyiqinə qarşı düzgün dərman seçilmədikdə yüngül narahatlıqlardan tutmuş göz ardı edilə bilməyən problemlərə qədər yan təsirləri ola bilər. Son tədqiqatlar və tibbi nailiyyətlər yüksək qan təzyiqini idarə etmək üçün yeni strategiyalar təklif edir.

AJMEDIA “Knowridge” saytına istinadla xəbər verir ki, bu istiqamətdə əhəmiyyətli bir addım müalicəyə fərdi yanaşmadır. Həkimlər belə qənaətə gəliblər ki, eyni dozalı dərman hamı üçün uyğun deyildir. Yaş, həyat tərzi, hətta genetik amillərin dərmanın qəbulu zamanı müxtəlif yan təsirlərə səbəb olması ilə nəticələnməsi mümkündür. Bu, o deməkdir ki, bir insana müsbət təsir göstərən preparat başqası üçün düzgün seçim olmaya bilər.

Tədqiqat göstərir ki, yan təsirləri minimuma endirməyin yollarından biri aşağı dozalarla müalicələrə başlamaq və onu tədricən tənzimləməkdir. Bu strategiya bədənin dərmana uyğunlaşmasına kömək edə və arzuolunmaz reaksiya riskini azalda bilər. Digər çıxış yolu isə kombinasiya terapiyasının tədqiqidir. Bu, daha yüksək doza əvəzinə iki və ya daha çox dərmanın kiçik dozalarının istifadəsini nəzərdə tutur.

Tədqiqatlar göstərir ki, həyat tərzi dəyişiklikləri bu məsələdə mühüm rol oynayır. Dərmanları tam əvəz etməsə də, pəhriz, məşq və stresin idarə olunması qan təzyiqinin nəzarətdə saxlanılmasına əhəmiyyətli təsir edir. Bu, dərmanların effektivliyini artıra və bəzi hallarda hətta onların miqdarını azalda bilər. Həmçinin məlum olub ki, sağlam pəhriz, müntəzəm fiziki fəaliyyət və meditasiya kimi üsullar dərmanlardan asılılığın azaldılmasında böyük fərq yaradır.

Bütün hallarda uğurlu nəticələrin əldə olunması üçün monitorinq olduqca vacibdir. Belə ki, sağlıq durumunuzu diqqətlə izləməli və qan təzyiqinizi müntəzəm olaraq yoxlayıb qeydlər aparmalısınız. Bu məlumatlar müalicə planınıza vaxtında düzəlişlər olunmasına, onun effektivliyinə və yan təsirlərin minimuma endirilməsinə yardımçı olur.

Beləliklə, fərdi müalicə planları, müalicəyə aşağı dozalarla başlamaq, kombinasiya terapiyası, həyat tərzində dəyişikliklər və həkiminizlə mütəmadi ünsiyyət saxlamaqla hipertoniya dərmanlarının yan təsirlərini minimuma endirmək mümkündür.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts