Yaponiyanın Baş naziri COVID-19 virusuna yoluxduğu üçün Tunis səfərini ləğv edib

Tokio, 22 avqust , /AJMEDIA/

Yaponiyanın Baş naziri Fumio Kişida COVID-19 virusuna yoluxduğuna görə avqustun 27-28-də Tunisdə keçiriləcək Afrikanın İnkişafı Üzrə Tokio Beynəlxalq Konfransında (TICAD) iştirak edə bilməyəcək.
AJMEDIA xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno avqustun 22-də Tokioda keçirilən mətbuat konfransında bəyan edib.
“Baş nazir TICAD konfransında iştirak edə bilməyəcək, lakin onun bu tədbirə onlayn rejimdə qatılması imkanları araşdırılır”, – deyə baş katib bildirib.
H.Matsuno hazırda Baş nazirin özünü yaxşı hiss etdiyini də deyib: “Dünən axşam onun azacıq hərarəti var idi və öskürürdü. Bu gün səhər temperaturu normal həddə düşüb, lakin öskürəyi davam edir”.
Həmçinin baş katib F.Kişidanın işləri məsafədən idarə etdiyini də bildirib. Əlavə edib ki, həkimlərin tövsiyəsinə uyğun olaraq, Baş nazir avqustun 31-dək özünütəcrid vəziyyətində qalacaq.
Qeyd edək ki, Yaponiya hökumətinin başçısının avqustun 21-də koronavirus üçün verdiyi testin cavabı müsbət olub. Bundan sonra onun temperaturu qalxıb və öskürək müşahidə edilib.
Xəbər verdiyimiz ki, Baş nazir avqustun 12-də koronavirusa qarşı dördüncü peyvəndi qəbul edib.
Ötən həftənin sonlarında ailəsi ilə birlikdə məzuniyyətdə olan F.Kişida avqustun 19-da Tokioya qayıdıb və həmin gündən öz iqamətgahındadır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts